Yuxarı

Rumıniya şahmat yığmasının kapitanı: "Azərbaycanın qadınlardan ibarət millisinin çox gözəl gələcəyi var" - MÜSAHİBƏ

Bakıyadək maşınla getdik

Buxarest. 29 sentyabr. REPORT.AZ/ Rumıniyanın qadın şahmatçılardan ibarət milli komandasının kapitanı Çiprian Nanunun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:

- Komandanızın Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasındakı çıxışını necə qiymətləndirirsiniz?

- Çox zəif. Hətta deyərdim ki, nəticə bizim gözlədiyimizdən də aşağı oldu. Yarışın əvvəlində millimiz çox gözəl nəticə göstərdi. Birinci dövrəni yaxşı oynadıq, 6-cı turda Çin millisi ilə sülh bağladıq. Lakin təəssüflər olsun ki, ikinci dövrə bizim üçün elə də uğurlu olmadı. İdmançılarımzda yorğunluq hiss olundu. Nəticədə millimiz mötəbər turniri 19-cu pillədə yekunlaşdırdı.

- Necə hesab edirsiniz: Rumıniya millisi üçün yarışda ən çətin qarşılaşmalar hansı ölkə təmsilçilərinə qarşı oldu?

- Ən çətin və yaddaqalan oyunlar çox oldu. Lakin onlardan ikisini qeyd etmək istərdim. 4-cü turda Azərbaycan və 8-ci turda Vyetnam millilərinə qarşı mübarizə çətin keçdi.

- Azərbaycanın qadın millisindən söz düşmüşkən, şahmatçı xanımlarımızın çıxışlarını yəqin ki, yaxından izləmisiniz. Təəssüratlarınız maraqlı olardı...

- Yarışda Azərbaycan millisi çox gözəl çıxış etdi. Qadınlardan ibarət yığmanızın çox gözəl gələcəyi var. Komandanız çox xoşuma gəldi. Baxmayaraq ki, kişilərdən ibarət yığmadan fərqli olaraq, dünya miqyasında tanınan şahmatçılardan təşkil olunmayıb. Amma buna baxmayaraq, Olimpiadada çox gözəl performans nümayiş etdirdilər.

- İştirakçı komandalar Bakı Olimpiadasının təşkilatçılıq səvviyəsindən razı qaldılarmı? Ümumiyyətlə təşkilatçılıq sizi qane etdimi?

- Bu Olimpiada çox gözəl və yüksək səviyyədə təşkil olunmuşdu. İnanılmaz idi. Həyatım boyunca bir çox ölkələrdə turnirlərə qatılmışam. Lakin gördüyüm bu yarış peşəkarlıq və səviyyəsinə görə, digərlərindən daha yaxşı təşkil olunmuşdu.

- Olimpiada çərçivəsində paytaxt Bakının gözəl mənzərəsi ilə yaxından tanışlıq imkanınız oldu?

- Qeyd etmək istəyirəm ki, bizim millimizin bir xanım üzvü təyyarəyə minmədiyindən, federasiyamızın katibi Vladimir Danilov, şahmatçı xanım və mən Rumıniyadan Bakıya maşınla gəldik. Gürcüstan sərhədindən başlayaraq, paytaxt Bakıyadək ölkənizin gözəlliyinin şahidi olduq. Azərbaycan çox inkişaf edib. Paytaxt Bakı şəhəri isə hətta deyərdim ki, inanılmaz dərəcədə gözəldir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi