Türkiyənin tanınmış yunan-Roma güləşçisi Rıza Kayaalp Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.
"Report" xəbər verir ki, "Anadolu" agentliyinə açıqlama verən 4 qat dünya və 9 qat Avropa çempionu hazırlıq prosesindən məmnun qaldığını bildirib.
32 yaşlı təcrübəli güləşçi gənc idmançıların məşqlərə qoşulduğunu söyləyib: "Məşq ortağı barədə problemim yoxdur. Azərbaycan yığması ilə birlikdə məşq etmək yaxşıdır. Fərqli güləşirik. Onların da bizə faydası var, amma bu məşqlər daha çox onlar üçün faydalıdır. Özüm aqressiv üsluba sahib olduğumdan, azərbaycanlı rəqiblərimiz bu cəhətləri inkişaf etdirirlər. Vacib olan özümüzü inkişaf etdirmək, bir-birimizdən faydalanmaq və dostlarla məşq etməkdir".
Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək.