Qusarda yeni Regional Cüdo Təlim Mərkəzi açılıb.
"Report"un Şimal bürosunun məlumata görə, açılış mərasimində Olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov, Zelim Kotsoyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Onlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Tədbiri açan Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov Qusar Regional Cüdo Təlim Mərkəzinin üç ay ərzində istifadəyə verildiyini bildirib. O, işlərin Azərbaycan Cüdo Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aparıldığını diqqətə çatdırıb.
Daha sonra icra başçısı Sahir Məmmədxanov çıxış edərək, belə bir cüdo zalının istifadəyə verilməsini rayonun idman ictimaiyyəti üçün əhəmiyyətli hadisə kimi dəyərləndirib. O, tədbirdə dünya və olimpiya çempionlarının iştirakından məmnunluq ifadə edib. S.Məmmədxanov belə bir idman qurğusunun yeni-yeni idmançıların yetişməsinə böyük təkan olacağını vurğulayıb.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və ACF rəsmisi Rəşad Rəsullu isə bildiriblər ki, Qusarda bu idman qurğusundan təkcə Qusarın yox, Quba-Xaçmaz regionun rayonların da cüdoçuları yararlana biləcəklər. Çıxış edənlər bu baxımdan, Təlim Mərkəzinin Regional statusu daşıdığını söyləyib, belə bir idman qurğusunun ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildiriblər.
Daha sonra Qusar Regional Cüdo Təlim Mərkəzi ilə tanışlıq başlayıb. Məlumat verilib ki, idman qurğusu cüdo zalından, oğlan və qızlar üçün paltardəyişmə otağından, məşqçilər otağından ibarətdir. Cüdo zalında trenajor avadanlıqları da yerləşdirilib.
Mərkəz 520 kv.m sahəni əhatə edir və 250 kv.m sahəsi olan cüdo və fiziki hazırlıq zallarını əhatə edir. Əsas zal Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan Almaniyanın Zebra şirkətinin tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zalı da bütün lazımi avadanlıqlarla təchiz edilib.
Binada gözləmə zalı, məşqçi otağı, paltardəyişmə otaqları da mövcuddur. Bundan əlavə, mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb.
Azərbaycan Cüdo Federasiyasının işində əsas istiqamətlərdən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2024-cü illərdə ACF Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Bakının Zirə qəsəbəsi və Sumqayıtda cüdo zalları açıb.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, regionlarda maddi-texniki bazanın yaxşılaşdırılması və ölkədə cüdonun ümumi inkişafı federasiya üçün də çox vacibdir:
“Bu, bizim fəaliyyətimizin əsas istiqamətidir. 2022-ci ildən etibarən Bakı və regionlardakı 90 idman zalına federasiya tərəfindən təxminən 6500 tatami verilib və 1300 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb. Yaxın gələcəkdə cüdo zalları digər regionlarda da açılacaq. Bu istiqamətdə iş federasiyanın qəbul etdiyi proqram əsasında aparılır. Xüsusi diqqət böyük potensiala malik, lakin indiyə qədər cüdo bölmələrinin olmadığı regionlara yönəldilib. Yaxın gələcəkdə Cəlilabad, Şabran, İmişli və digər regionlarda yeni zalların tikintisi planlaşdırılır."