Niyaməddin Paşayev: "Radik İsayev məğlubiyyətə görə üzr istədi"

Niyaməddin Paşayev: "Radik İsayev məğlubiyyətə görə üzr istədi" Radik İsayev bizi yanıltdı
Fərdi
198
9 May , 2021 14:20
Niyaməddin Paşayev: Radik İsayev məğlubiyyətə görə üzr istədi
Niyamaddin Paşayev

"Yarışa təcrübəli idmançılarla qatılmışdıq. Çünki daha 3 lisenziya qazanmaq şansımız var idi. Düşünürdük ki, lisenziya sayı daha çox olacaq".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyamaddin Paşayev Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Radik İsayevin (+80 kq) Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirindəki çıxışları barədə danışarkən deyib.

İsayevlə Abakarovanın lisenziyasız qalmasına münasibət bildirən federasiya rəsmisi xüsusilə olimpiya çempionunun gözlədikləri kimi çıxış etmədiyini söyləyib: "Radik İsayev bizi yanıltdı. Yarımfinal görüşündə Makedoniya idmançısına uduzdu. Abakarova isə ilk qarşılaşmasındaca məğlub oldu. Fəridə Əzizovaya gəlincə, bütün rəqiblərinə qalib gələrək, olimpiya lisenziyası qazandı. Təbii ki, Tokioya tam heyətlə getmək istəyirdik. Amma idmançılarımız istənilən kimi çıxış etmədi".

Paşayev uğursuzluğun idman şanssızlığı ilə bağlı olduğunu söyləyib: "Radikdən bu cür nəticə gözləmirdik. Avropa çempionatından sonra bu yarışa da yaxşı hazırlaşmışdı. Sadəcə, idman şanssızlığı oldu. Son raundadək bərabər döyüş getdi. Yalnız son 20 saniyədə bir neçə zərbə buraxaraq, rəqibə xal verdi. İdmanda nəyisə əvvəldən bilmək olmur. O da, biz də məğlubiyyət olmasını istəməzdik. Amma rəqib daha güclü olduğu üçün qələbə qazandı".

Vitse-prezident İsayevin məğlubiyyətə görə üzrə istədiyini vurğulayıb: "İlk görüşündə qalib gəldikdən sonra oturub söhbət etdik. Hər şey normal idi. Özünü yaxşı hiss edirdi. Olimpiadada iştirak etmək istəyirdi. Təəssüf ki, alınmadı. İsayev də bu durumu şanssızlıq kimi izah etdi. Lisenziya əldə edə bilmədiyi və ümidləri doğrutlmadığı üçün onun üzərində əziyyəti olan hər kəsdən üzr istədi".

Finala çıxmaqla Tokio olimpiadasına lisenziya qazanan Fəridə Əzizova ilə bağlı da danışan Paşayev ondan yaxşı nəticə gözlədiyini bildirib: "Zədəli olduğu üçün Türkiyədəki turnirdə iştirak edə bilməmişdi. Zədədən yeni qayıtmasına baxmayaraq, Avropa çempionatına qatıldı. Öz üzərində çox çalışmışdı və burada güclü rəqiblərə qalib gələrək lisenziya qazandı. Əvvəlki 2 olimpiadada uğursuzluqdan sonra bu dəfə nəticə qazanacağına inanıram. Pandemiya şəraitində məşq etməyin çətinliyini və digər amilləri nəzərə alsaq, lisenziyanın 50 faizini təmin etmişik. Düzdür, bu, 75, 100 faiz də ola bilərdi. Amma idmanda belə hallar da baş verir. Ümid edirəm ki, bu idmançılarımız olimpiadada medal qazanacaq və ölkəmizi layiqincə təmsil edəcəklər. Vaxtımız var, yaxşı hazırlaşıb Tokiodan uğurlu nəticələrlə dönə bilərik".

Qeyd edək ki, Azərbaycana taekvondoda digər lisenziyanı Milad Beigi Harçegani (-80 kq) qazandırıb.

Son xəbərlər

Orphus sistemi