Nicat Abbasov: "Şahmat tacını ölkəmizə kimin gətirəcəyini təxmin etmək çətindir"

Nicat Abbasov: "Şahmat tacını ölkəmizə kimin gətirəcəyini təxmin etmək çətindir" "Ukrayna ilə matçın xüsusi vurğulanma səbəbini anlamıram"
Fərdi
147
30 Noyabr , 2021 14:37
Nicat Abbasov: Şahmat tacını ölkəmizə kimin gətirəcəyini təxmin etmək çətindir
Nicat Abbasov

Azərbaycan şahmatçısı Nicat Abbasovun "Report"a müsahibəsi

- Sloveniyanın Çatej şəhərində keçirilmiş Avropa çempionatı ilə bağlı təəssüratlarınız necədir?

- İlk dəfə əsas yığmanın tərkibində yer aldım. Komandada xoş ab-hava olmaqla bərabər, hamımızda eyni məqsəd - yaxşı çıxış edərək medal üçün vuruşmaq arzusu var idi. Son turadək komanda birincilik üçün savaşdı. Sadəcə, bu çempionatda şans bizdən üz döndərdi. Açığı, yarışdan sonra bir neçə yerdə "Kişilərdən ibarət yığmanın uğursuz çıxışı" kimi məqalələr qarşıma çıxdı və bu, məni bir qədər məyus etdi. Millinin sabiq kapitanı Vladimir Tukmakovun dediyi kimi, bir komanda və ya fərd son tura qədər birincilik uğrunda mübarizə aparırsa, son görüşün nəticəsindən asılı olmayaraq, yarışı uğursuz adlandırmaq olmaz. Komandalararası Avropa çempionatı 9 matçdan ibarətdir və hər matçda 4 görüş keçirilir. Ümumilikdə çempionat boyunca hər yığma 36 partiya oynayır. Axırıncı turda sadəcə 1 partiyada nəticə fərqli olsaydı, Azərbaycan son 12 ildə 4-cü dəfə çempionluq sevincini yaşaya bilərdi. Bir başqa nəticə də gümüş medal ola bilərdi ki, bunun özünü də böyük uğur kimi qələmə vermək olar.

- Medal qazanmamağınıza əsas səbəb nə oldu?

- Sadəcə, bəxtsizlik səbəb oldu. Son tur istədiyimiz kimi oynaya bilmədik. Ağ fiqurlarla nə mən, nə Teymur Rəcəbov rəqib qarşısında ciddi problemlər qoya bildik. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov da debütdə heç bir problemlə qarşılaşmamışdı. Bir məqamda mövqe təkrarlanmasını rədd edərək qələbəyə oynamaq istədi. 3-cü lövhəmizdəki Rauf Məmmədovun isə mürəkkəb vəziyyətdə qələbəyə yaxın üstünlüyü var idi. Yenə də, dediyim kimi, şans bizim tərəfdə olmadı.

- Ukrayna ilə görüşün medalsız qalmağınıza daha tez təsir etdiyini düşünsünüzmü? Bir çoxlarının fikrincə, bu qarşılaşma danışılmış idi. Partiyaların tez bitməsi də bunu göstərir...

- Qeyd olunan matçın xüsusi vurğulanma səbəbini anlamıram. Ukrayna millisi reytinq baxımından əsas favoritlərdən biri hesab edilməsə də, olduqca qüvvətli oyunçulara malik təhlükəli komanda idi. Ən azından keçirdikləri heç bir matçda məğlub olmamaları, Rusiya kimi yığmanı məğlub, son tur Ermənistanı darmadağın etmələri bunun əyani sübutudur.

- 5-ci lövhədə Siz yığmanın ən yaxşısı oldunuz. Bu barədə nə deyə bilərsiniz?

- Ümumilikdə 2021-ci il şahmat karyeramda çox da uğurlu olmadı. İlin əvvəlindən FİDE əmsalımı 40-50 vahid azaltmışam. Haqqında bəhs etdiyimiz Avropa çempionatı mənim üçün sentyabrın ortalarından ardıcıl 7-ci turnir idi. Müəyyən yorğunluq olsa belə, qeyd etdiyim kimi, komandada olan ortaq məqsəd və ruh yüksəkliyi əlavə stimul verirdi. Məhz bu səbəbdən, demək olar ki, 2021-ci ildə reytinq yüksəltdiyim ilk yarış oldu. Təbii ki, lövhədə medal qazanmaq xoş bir durumdur, amma həmin an üzgün idim. Çünki komanda yarışında önəmli olan fərdi göstərici deyil. Komanda şəklində medal qazanmağa çox yaxın idik. Bu dəfə alınmadı. İnanıram ki, gələn il daha uğurlu çıxış edəcəyik.

- Azərbaycan Şahmat Federasiyasında rəhbərlik dəyişib. Qurumun yeni prezidenti Mahir Məmmədovdan nə gözləyirsiniz?

- Düşünürəm ki, baş vermiş dəyişikliklər bütün şahmatçılarımızı sevindirdi. Şahmatda olan hər kəs yeni federasiya prezidenti Mahir Məmmədovun şahmata ayırdığı diqqətə, şahmatçılara göstərdiyi qayğıya yaxşı bələddir. Məncə, artıq şərhə ehtiyac yoxdur. Azərbaycan şahmatında yeni səhifə açılır.

- Mahir Məmmədov bildirib ki, əsas hədəf şahmat tacını Azərbaycana gətirməkdir. Sizcə, bunu gerçəkləşdirmək mümkün oalcaqmı və kimlərin bunu bacaracağına inanırsınız?

- Azərbaycan daim şahmat məmləkəti olub. Tarixə nəzər salsaq, burada hər zaman istedadlı şahmatçıların olduğunu görəcəyik, gələcəkdə də belə olacaq. Şahmat tacının bir gün ölkəmizə yenidən qayıdacağına inanıram. Bunun nə vaxt və kim tərəfindən ediləcəyini öncədən təxmin etmək çətindir.

- Adətən, İddiaçılar Turnirində Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovu görürük. Sizi də bu tip yarışlarda görə bilərikmi?

- Necə ki, "General olmaq istəməyən əsgər - pis əsgərdir" deyimi var, eynilə peşəkar şahmatçılar üçün "Dünya çempionu olmaq istəməyən şahmatçı - pis şahmatçıdır" deyə bilərik (gülür). Təbii ki, güclü və statuslu turnirlərdə çıxış etmək hədəflərimdən biridir.

Son xəbərlər

Orphus sistemi