Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirilib

Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirilib Rövnəq Abdullayev: "Azərbaycanda iri idman layihələri həyata keçirilir"
Fərdi
12 Sentyabr , 2017 16:41
Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Qaradağ Təlim-İdman Bazasında təşkil olunan tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Neftçi İdman Klubu” İctimai Birliyinin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idman ictimaiyyətinin nümayəndələri, olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən R.Abdullayev bildirib ki, hər il neft, qaz və kimya sənayesi işçiləri arasında Spartakiadanın təşkili xoş ənənəyə çevrilib: "Spartakiadanın açılışı münasibətilə hamını təbrik edirəm. Ölkəmizdə idman sahəsinə dövlət qayğısı gündən-günə artır. Azərbaycanda iri idman layihələri həyata keçirilir. Bu günə qədər xeyli sayda olimpiya kompeksləri, müxtəlif idman qurğuları inşa olunub və bu istiqamətdə işlər davam edir. Bunun sayəsində yüksək səviyyəli idmançılar hazırlanır. Ölkəmizdə yüksək səviyyəli beynəlxalq turnirlərin keçirilməsi idmana olan qayğının sübutudur. "Neftçi İdman Klubu" daim idman qurumları arasında liderlerdən olub. Peşəkar idmançıların yetişdirilməsində klubun əvəzsiz rolu var. Bu ilin mayında Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 1-ci yer tutmasında klubun üzvlərinin qazandıqları 59 medal da öz töhfəsini verdi. Spartakiada iştirakçılarına uğurlar arzu edirəm. Hamınızı Neftçilər günü münasibəti ilə təbrik edirəm".

İ.İsmayılov da yarış iştirakçılarına uğurlar arzulayıb və I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi nüfuzlu turnirlərin Azərbaycanda keçirilməsinə diqqət çəkib.

Qeyd edək ki, neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasında 31 müəssisənin komandası iştirak edir. Yarışda 14 idman növü (mini-futbol, atletika, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, futtennis və güllə atıcılığı) üzrə 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır. Spartakiada Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə "Start" İdman Kompleksində, güllə atıcılığı növündə isə Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilir. Sentyabrın 11-də start götürmüş Spartakiadaya ayın 17-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi