​Namiq Əliyev: "Avropa Oyunlarının Bakıda keçirilməsi güləşçilərimiz üçün üstünlükdür"

​Namiq Əliyev: "Avropa Oyunlarının Bakıda keçirilməsi güləşçilərimiz üçün üstünlükdür" Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti brifinq keçirib
Fərdi
28 Yanvar , 2015 14:43
​Namiq Əliyev: Avropa Oyunlarının Bakıda keçirilməsi güləşçilərimiz üçün üstünlükdür

Bakı. 28 yanvar. REPORT.AZ/ "Avropa Oyunlarına az vaxt qalıb. Yeni ilin ilk günlərindən sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız təlim-məşq toplanışına başlayıb". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyev deyib.

Gələn həftədən komandaların müxtəlif yarışlara yollanacaqlarını bildirən N.Əliyev bunun Avropa Oyunlarına hazırlıq mərhələsi kimi nəzərə alındığını söyləyib. Onun sözlərinə görə, Avropa Oyunlarının ilk günlərindən güləş yarışlarının keçirilməsi Azərbaycan pəhləvanları üçün hansısa psixoloji problem yarada bilər. Lakin federasiya rəsmisi bildirib ki, Oyunların Bakıda təşkili həm də əlavə üstünlükdür. 

Avropa Oyunlarından öncə Azərbaycanın hər 3 növ üzrə yığmaları Dünya Kubokunda mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İranın paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku 7-8 martda Rusiyanın Sankt-Peterburq şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisinin qrupdakı rəqibləri arasında İran da yer alıb. N.Əliyevin fikrincə, bu cür rəqiblə görüş fəlakət deyil: "Çempionatın İranda keçirilməsi böyük ajiotaj yaradır. Komandamız İrana birinci heyətlə yollanacaq və düşünürəm ki, yaxşı da nəticə qazanacağıq. Komandamız bütün növlərdə stabildir. Ümid edirik ki, maraqlı görüşlər olacaq".

Avropa Oyunlarından sonra isə ABŞ-ın Las-Veqas şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. AGF rəsmisinin fikrincə, qüvvələri elə tənzimləmək lazımdır ki, həm Avropa Oyunlarında, həm də dünya çempionatında nəticə qazanılsın. O bildirib ki, olimpiadaya nə qədər çox lisenziya qazanılsa, hazırlaşmaq da bir o qədər rahat olar". 

Güləşçilərin üzərində böyük bir məsuliyyətin olduğunu söyləyən federasiya rəsmisi idmansevərlərin onlardan böyük nəticə gözlədiyini vurğulayıb. "Hədəflərimiz həmişə olduğu kimidir. Hesab edirik ki, hər üç komandamız kifayət qədər hazırdır və təcrübələri var. Avropa Oyunlarında da güləşçilərimiz Azərbaycan xalqını sevindirəcək". 

N.Əliyev Azərbaycanın beynəlxalq dərəcəli hakimlərindən Hicran Şərifov və İntiqam Alıyevin "S" dərəcəsi almalarına da münasibət bildirib: "Hakimlərimizin bizi təmsil etməsi üçün onları yetişdirməliyik. Onları yetişdirməsək, bizi beynəlxalq görüşlərdə təmsil edə bilməzlər və bu da bizim üçün böyük problem olar. Olimpiadada bizi 2 hakim təmsil edir. Onların da kifayət qədər təcrübələri var".

Bir neçə gün öncə Dünya Güləş Birliyi İdarə Heyətinin iclasında iştirak edən I vitse-prezident toplantıda güləş döşəklərinin rənginin və hakimlərin geyiminin dəyişdirilməsi barədə çıxarılan qərara da münasibət bildirib: "Fikrimcə, bu düzgün addımdır. Çünki idarəçilik vaxtı indiki geyim hardasa hakimin hərəkətini məhdudlaşdırır. Döşəyin rənginin dəyişdirilməsinə gəlincə, ola bilsin burada da hansısa məntiq var. Hesab edirəm ki, normal haldır. Bu müasir işlər həyata keçirildikdən sonra, mənə elə gəlir ki, daha çox gənci güləşə idmançı yox, tamaşaçı kimi də cəlb etmək mümkün olacaq".

Qeyd edək ki, I Avropa Oyunlarında güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi