"Şükürlər olsun ki, bu gün gəlib çatdı və biz Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanırıq. Pandemiyaya baxmayaraq, həm Milli Olimpiya Komitəsi, Həm Gənclər və İdman Nazirliyi, həm də federasiya güləşçilərimiz üçün bütün lazımi şəraiti yaratdı".
"Reportun məlumatına görə, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi yutub kanalına açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, yığmanın sonuncu təlim-məşq toplanışı Bakıda baş tutub: "Bundan öncə isə digər ölkələrdə hazırlıq prosesi keçib, beynəlxalq turnirlərdə iştirak etmişik. Göygöl Olimpiya Kompleksində həm fiziki, həm də döşək hazırlığı keçmişik".
Abdullayev sərbəst güləşçilərin Tokioda uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "Bilirsiniz ki, 3 lisenziyasımız var. İdmançılarımız göstərilən diqqət və qayğı nəticəsində uzaq Yaponiyada etimadı doğrultmağa çalışacaqlar. İnanırıq ki, güləşçilərimiz həmişə olduğu kimi layiqincə çıxış edəcəklər".
Qeyd edək ki, olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.