Məmmədəli Mehdiyev: "Qızıl medal qazanaraq, Ordumuza həsr etmək istəyirdim"

Məmmədəli Mehdiyev: "Qızıl medal qazanaraq, Ordumuza həsr etmək istəyirdim" "Təəssüratlarım ürəkaçan deyil. Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı. Sabah Zəfər Günüdür. Qələbəmi Azərbaycan Ordusuna həsr etməyi planlaşdırırdım, alınmadı".
Fərdi
7 Noyabr , 2021 18:27
Məmmədəli Mehdiyev: Qızıl medal qazanaraq, Ordumuza həsr etmək istəyirdim

"Təəssüratlarım ürəkaçan deyil. Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı. Sabah Zəfər Günüdür. Qələbəmi Azərbaycan Ordusuna həsr etməyi planlaşdırırdım, alınmadı".

Bu fikirləri "Report"a açıqlamasında Bakıda keçirilən Böyük Dəbilqədə gümüş medal qazanmış Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev deyib.

90 kq çəki dərəcəsində çıxış edən idmançı rəqiblərinin hamısının güclü olduğunu bildirib: "Zəif rəqibim yox idi. Cüdoda Yaponiya təmsilçiləri güclü olur. Onlardan birinə qalib gəlsəm də, digərinə uduzdum. Finalda yorulduğumu düşünmürəm. Sadəcə, cüzi səhv etdim və hakimlər üçüncü cərimə xalı verdilər".

Mehdiyev ardıcıl üçüncü dəfə beynəlxalq yarışda iştirak etdiyini xatırladıb: "Özümdə yorğunluq hiss etmirəm. Bir az çəki salma proseduru çox ağırdır. Demək olar ki, 40 gün ərzində 20 kq çəki salmışam. Hər yarışda 7 kq çəki salıram. Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-pridə 10 kq salmışdım. İndi də hər şey yaxşı idi və özümü normal hiss edirdim. Sadəcə, bu gün yaponiyalı idmançının günü idi. İnanıram ki, növbəti dəfə mənim günüm olacaq".

Cüdoçu 2 ayadək yarışlarda iştirak etməyəcəyini diqqətə çatdırıb: "Dizimdə zədə var. Onun müalicəsi ilə məşğul olacağam. Baş məşqçimiz istirahət versə, bir həftə dincəlməyi hədəfləyirəm. Ailəmin yanında olmaq istəyirəm. Daha sonra isə məşqlərə davam edəcəyəm, Növbəti hədəf 5-6 fevral 2022-ci ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə olacaq".

O, Azərbaycan Cüdo Federasiyasında rəhbərliyin dəyişməsinə də toxunub: "Bizə demişdilər ki, yarışdan sonra yeni rəhbərlə görüşümüz olacaq və nəticələri müzakirə edəcəyik. Əslində, Rəşad Nəbiyev Böyük Dəbilqədən əvvəl bizimlə görüşüb və uğurlar arzulayıb. Düşünürəm ki, növbəti görüşdə bizi pis bir şey gözləmir. Əlimizdən nə gəlirsə, onu edirik".

Son xəbərlər

Orphus sistemi