Mahir Məmmədov: Nicat Abasovun İddiaçılar Turnirinin mükafatçıları sırasında olmayacağı gözlənilən idi

Mahir Məmmədov: Nicat Abasovun İddiaçılar Turnirinin mükafatçıları sırasında olmayacağı gözlənilən idi Nicat Abasovun İddiaçılar Turnirinin qalibləri sırasında olmayacağı gözlənilən idi.
Fərdi
22 Aprel , 2024 13:00
Mahir Məmmədov: Nicat Abasovun İddiaçılar Turnirinin mükafatçıları sırasında olmayacağı gözlənilən idi

Nicat Abasovun İddiaçılar Turnirinin mükafatçıları sırasında olmayacağı gözlənilən idi.

Bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

Qurum rəsmisi Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində çıxış edən təmsilçimiz Nicat Abasov barədə danışıb: “Hazırda turnirdə iştirak edən şahmatçılarla Nicat arasında səviyyə fərqi böyükdür. İlin əvvəlindən Nicat böyük və məhsuldar hazırlıq prosesində iştirak etdi. Şəhriyar Məmmədyarov və Abdulla Qədimbəyli ilə yanaşı, şahmat dünyasının tanınmış mütəxəssisləri ilə çalışdı. Hazırlıq dövründə gözlənilməz problemlər fiziki zədəsiylə bağlı oldu. Ayağının sınması planlaşdırılan hazırlıq dönəminə müəyyən mənfi təsir göstərdi”.

M.Məmmədov şahmatçının yarışdakı ümumi çıxışına toxunub: “Alireza Firuzca ilə qarşılaşma zamanı debütdən sonra pis vəziyyət yarandı. Digər bütün partiyalarda mübarizə var idi. Fikrimcə, başqa turnir olsaydı, uduzduğu əksər oyunlarda məğlub olmayacaqdı, ən azı heç-heçə edəcəkdi. Bəzi məqamlarda əks-hücuma keçmək şansları görünürdü. Biz onun İddiaçılar Turnirini belə nəticə ilə başa vurmasını istəməzdik. Həm Nicat, həm də federasiya turnirin yekunundan müəyyən nəticələr çıxarmalıdı. Şahmatçının hazırlıq dövründə qazandığı biliklər növbəti illərdə ona çox lazım olacaq. Əsas odur ki, Nicat məyus olmasın, hazırlığı davam etdirsin. Növbəti illərdə həm oyununu, həm də reytinqini artıracağına inanırıq”.

Qeyd edək ki, Nicat Abasov İddiaçılar Turnirində keçirdiyi 14 görüşdə 7 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi