Yuxarı
    Bağlamaq

    Mahir Məmmədov: "Bu nəticə qadın şahmatçılardan ibarət yığmaya böyük stimul olacaq"

    Noyabrda İspaniyada baş tutacaq Qran Pri Azərbaycan şahmatçıları üçün həlledici turnirdir

    Bakı. 23 oktyabr. REPORT.AZ/ "Kişi şahmatçılardan ibarət Azərbaycan millisi hər zaman olduğu kimi, yarışa iddialı yollanacaq. Xanım şahmatçılar da həmişə bizi yaxşı mənada təəccübləndirir. Türkiyədə keçirilmiş Avropa Çempionlar Kubokunda gümüş medal qazandılar. Bu nəticə qadın şahmatçılardan ibarət yığmaya böyük stimul olacaq". 

    “Report” xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov oktyabrın 28-də Yunanıstanda start götürəcək milli komandalar arasında Avropa çempionatı haqqında fikirlərini qurumun rəsmi saytına bölüşərkən deyib. 

    “Odlar Yurdu”nun kişi və qadın komandalarının Türkiyədə təşkil olunan Avropa Çempionlar Kubokundakı çıxışına toxunan federasiya rəsmisi hər iki kollektivdən razı qaldığını söyləyib. Onun sözlərinə görə, hər iki komanda reytinqə görə iddialı hesab edilməsə də, uğurla çıxış edib: "Son illər Azərbaycanı bu yarışda "SOCAR-Azerbaijan" təmsil edirdi. Bu klub iki dəfə Avropa Çempionlar Kubokunun qalibi olmuşdu. Bu dəfə "Odlar Yurdu" adlı komandamız həm kişilər, həm də qadınların yarışında çıxış etdi. Kişi şahmatçılarımız bürünc, qadınlardan ibarət kollektiv isə gümüş medal qazandı. Hər iki komandamız reytinqə görə iddialı hesab olunmurdu. Onlar reytinqlərindən üstün çıxış etdilər. Bu, bir daha sübut edir ki, şahmatda reytinq hər şey demək deyil. Komandada olan yüksək əhval, mehribanlıq nəticəyə də təsir edir. Şahmatçılarımızın çıxışından razıyam. İnanıram ki, növbəti yarışlarda da yaxşı oyun nümayiş etdirəcəklər".

    Vitse-prezident Azərbaycan şahmatçılarının İddiaçılar Turnirinə vəsiqə qazanmaq şansının yüksək qiymətləndirib. O, bildirib ki, noyabrda İspaniyada baş tutacaq Qran Pri Azərbaycan şahmatçıları üçün həlledici turnirdir. Şəhriyar Məmmədyarov artıq iştirak limitini başa vurub. Teymur Rəcəbov daha bir yarışda - Palma de Malyorkadakı turnirdə çıxış edəcək. Rəcəbova iddiaçılar sırasına düşmək üçün mükafatçılardan biri olmaq yetərlidir. Ümumilikdə digər şahmatçıların çıxışı da çox önəmlidir. Ona görə son yarışı gözləmək vacibdir. Hər ikisinin İddiaçılar Turnirinə vəsiqə şansları yüksəkdir".

    Qeyd edək ki, Avropa çempionatında kişilərdən ibarət yığmaya AŞF-nin vitse-prezidenti Faiq Həsənov kapitanlıq edəcək. Qadın şahmatçılar isə qitə birinciliyində Fikrət Sideifzadənin rəhbərliyi altında yarışacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi