Lüis Hemilton San-Paulu Qran-prisinin qalibi olub və cərimələnib

Lüis Hemilton San-Paulu Qran-prisinin qalibi olub və cərimələnib Braziliyada "Formula 1" üzrə San-Paulu Qran-prisi keçirilib.
Fərdi
15 Noyabr , 2021 01:11
Lüis Hemilton San-Paulu Qran-prisinin qalibi olub və cərimələnib

Braziliyada "Formula 1" üzrə San-Paulu Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, 71 dövrəlik mübarizənin yekununda qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Britaniyalı sürücü yürüşə 10-cu mövqedən başlasa da, tezliklə 2-ci, finişə doğru isə "Red Bull" pilotu Maks Ferstappeni keçərək, 1-ci yerə çıxıb. "3-lüy"ü onun komanda yoldaşı Valtteri Bottas qapayıb.

Finişin ardından Hemilton boksa gələrkən Braziliya bayrağını götürməkdən ötrü təhlükəsizlik kəmərini boşaldıb. Bu isə Beynəlxalq Avtomobil Federasiyasının əsasnaməsinin pozulması anlamına gəldiyindən, ona 5 000 avro cərimə kəsilib. Mövsümün sonunadək qaydalara zidd yeni hərəkətlərə yol verəcəyi təqdirdə, 7 qat dünya çempionu daha 20 000 avro cərimələnəcək.

Beləliklə, San-Paulu Qran-prisindən sonra xallarını 318,5-ə çatdıran Hemilton lider Ferstappenlə fərqi 14 xala endirib. Bottas isə 203 xalla 3-cüdür.

Konstruktorlar Kubokunda isə 521,5 xala malik "Mercedes" 1-ci, 510,5 xalı olan "Red Bull" 2-ci, 287,5 xal yığan "Ferrari" 3-cüdür.

Növbəti Qran-pri 19 - 21 noyabrda Qətərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi