Yuxarı

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının VIII turunun oyunlarını izləyib

O, FİDE prezidenti Kirsan İlyumjinov ilə görüşüb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Kristal Zalına gələrək yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Leyla Əliyeva əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb, Olimpiadanın gedişi barədə onunla söhbət edib.

FİDE-nin prezidenti Azərbaycanın bu Olimpiadaya uğurla ev sahibliyi etməsini yüksək dəyərləndirib. Qeyd edib ki, Azərbaycanda təkcə şahmata deyil, ümumilikdə idmanın inkişafına böyük diqqət yetirilir.

Sonra jurnalistlərin suallarını cavablandıran Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, idmançılarımızın bu yarışlarda qazandıqları uğurlar şahmatın ölkəmizdə daha geniş vüsət almasına təkan verib. Leyla Əliyeva deyib ki, ölkəmizin bütün bölgələrində uşaq şahmat məktəblərinin fəaliyyətə başlaması Azərbaycanda şahmata göstərilən xüsusi diqqətin təzahürüdür. Ölkəmizdə keçirilən bu Olimpiada da şahmatın təbliğinə layiqli töhfəsini verəcək.

Daha sonra Leyla Əliyeva Olimpiadanın sərgi salonuna baxıb.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Leyla Əliyevaya məlumat verib ki, Olimpiadanın tamaşaçılarına Bakı Kristal Zalında təşkil olunan sərgidə iştirak etmək imkanı verilir. Bu sərgidə şahmatla bağlı nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlarla bağlı plakatlar nümayiş olunur. Burada yaradılan virtual oyun zonası da böyük maraqla qarşılanır. Şəhərimizin sakinləri və qonaqlar zonada virtual olaraq istənilən şahmatçı ilə oynaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi