Kubalı mütəxəssis Azərbaycan millisinə baş məşqçi təyin olunub

Kubalı mütəxəssis Azərbaycan millisinə baş məşqçi təyin olunub Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.
Fərdi
28 Oktyabr , 2019 15:44
Kubalı mütəxəssis Azərbaycan millisinə baş məşqçi təyin olunub

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib. 

Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli komanda kubalı Umberto Orta Domingesə həvalə edilib.

53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Dominges bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

N.Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Umberto Orta Dominges 1966-cı ildə Kubanın Kamaquey şəhərində anadan olub. 1984-cü ildə ölkəsində Bədən Tərbiyəsi İnstitutunu bitirən mütəxəssis boks məşqçisi ixtisasına yiyələnib. O, 1984 - 1992-ci illərdə Kamaqueyin idman məktəbində boks müəllimi işləyib. Daha sonra kubalı mütəxəssisin yığma karyerası başlayıb. Ölkəsinin yeniyetmə və gənclərdən ibarət yığmalarında çalışan mütəxəssis 1992 - 2005-ci illərdə məşqçi, növbəti 11 ildə baş məşqçi kimi işləyib. Mütəxəssis bu müddətdə 18 dünya birinciliyi, 1 dünya çempionatı, 2 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına komanda çıxarıb. Onun yetirmələri dünya birinciliklərində 80, olimpiadalarda 9 qızıl medal qazanıb.

London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında Domingesin rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 ildən sonra qonşu ölkədəki fəaliyyətini klubda davam etdirib.

Son xəbərlər

Orphus sistemi