Kazanda MDB Oyunları ilə bağlı iclas keçirilir

Kazanda MDB Oyunları ilə bağlı iclas keçirilir Rusiyanın Kazan şəhərində MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq müqaviləsi iştirakçılarının Bədən tərbiyəsi və idman şurasının iclası işə başlayıb.
Fərdi
198
9 Sentyabr , 2021 14:36
Kazanda MDB Oyunları ilə bağlı iclas keçirilir

Rusiyanın Kazan şəhərində MDB-nin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq müqaviləsi iştirakçılarının Bədən tərbiyəsi və idman şurasının iclası işə başlayıb.

"Report"un tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, tədbirə Rusiya gənclər və idman nazirinin müavini Aleksey Morozov sədrlik edib.

Toplantıda hazırda davam edən MDB ölkələrinin I Oyunlarına bütün ölkələrin qatıla bilməməsindən təəssüf ifadə olunub. Bildirilib ki, Türkmənistan epidemioloji vəziyyətlə əlaqədar son anda Oyunlardan kənarda qalıb.

Bununla yanaşı, ilk Oyunların hazırkı çətin durumda öz axarı ilə davam etdiyi vurğulanıb. Eyni zamanda iştirakçı ölkələrə yaradılan şəraitdən bəhs olunub.

Hazırda 7 növ üzrə yarışın başa çatdığı, 9 növ üzrə mübarizənin isə davam etdiyi vurğulanıb.

Eyni zamanda indiyədək koronavirusa yoluxma halının qeydə alınmadığı, amma ötən gün bəzi idmançıların zədələndikləri diqqətə çatdırılıb.

İştirakçılar üçün isə yarışla yanaşı, ekskursiyanın təşkil olunacağı bildirilib.

Gələn həftə məktəblilər, dekabrda isə ailələr arasında festivalın təşkil olunacağı qeyd olunub. Həmin tədbirlərdə Azərbaycan iştirak etməyəcək.

İclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov və idman şöbəsinin müdiri Fərid Mansurov təmsil edib.

Novruzov çıxışında hazırda Azərbaycanda koronavirusla bağlı müəyyən məhdudiyyətlərin götürüldüyünü və tədbirlərin təşkilatçılığı ilə bağlı öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirib. O, yeni nazir Fərid Qayıbovun fəaliyyətə başlamasından sonra MDB daxilində əməkdaşlıqla bağlı konkret məlumatlar verə biləcəklərini söyləyib.

Ermənistanı təmsil edən nazirlik nümayəndəsi isə harada keçirilməsindən asılı olmayaraq, növbəti Oyunlarda da iştirak edəcəklərini vurğulayıb.

Digər iştirakçı ölkələrin nümayəndələri də MDB Oyunlarının üstünlüklərindən danışaraq, öz təkliflərini irəli sürüblər.

Daha sonra MDB-nin idman paytaxtının seçilməsi və 2022-ci ildən atletika üzrə Sağlamlıq Marafonunun keçirilməsinə dair qərarlar qəbul olunub. Təşkilatçı seçimi ilə MDB İcraiyyə Komitəsi məşğul olacaq.

Son xəbərlər

Orphus sistemi