İsveçrənin Azərbaycandakı səfiri idmana marağından danışdı

İsveçrənin Azərbaycandakı səfiri idmana marağından danışdı "Bakıda bir çox önəmli beynəlxalq yarışların təşkil olunduğunu bilirəm"
Fərdi
27 Aprel , 2021 12:31
İsveçrənin Azərbaycandakı səfiri idmana marağından danışdı
Muriel Peneveyre

"Bakıda bir çox önəmli beynəlxalq yarışların təşkil olunduğunu bilirəm. Məsələn, gəlişimdən az sonra, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalına şahidlik etdim. İdman tədbirində İsveçrə nümayəndə heyəti geniş tərkibdə iştirak edirdi. Oradan çox xoş xatirələr qaldı".

Bunu "Report"a eksklüziv müsahibəsində İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre deyib.

Xanım səfir idman növlərinə marağından da danışıb: "İstər futbol, istər gimnastika, xizək idmanı və ya başqa növlər olsun, çalışıram ki, böyük idman hadisələrini xəbərlərdən izləyim. İsveçrə vətəndaşı olaraq başqa bir idman növünü qeyd etmək istəyərdim: tennis. Böyük çempion Roje Federer isveçrəlidir və biz onunla fəxr edirik. Gimnastika həm Azərbaycanda, həm də İsveçrədə populyardır. İsveçrənin Bazel şəhəri 21 - 25 apreldə idman gimnastikası üzrə Avropa çempionatına ev sahibliyi etdi. Orada Azərbaycan milli komandası da iştirak edirdi".

M.Peneveyre İsveçrə və Azərbaycanın fərqli landşaft, o cümlədən, yüksək dağlara malik olmaları baxımından bəxtinin gətirdiyini vurğulayıb: "İsveçrədə xizəksürmə “milli idman” növü adlandırılır. Çünki uzun tarixə malik populyarlığı var. Pandemiyaya görə səfər etmək imkanım olmasa da, bilirəm ki, Azərbaycanda heyranedici şəraitdə yaxşı səviyyədə fəaliyyət göstərən dağ xizəyi üzrə istirahət zonaları var. Ümid edirəm ki, xizək idmanı daha da məşhurlaşacaq və inkişaf edəcək, əcnəbi turistləri bu regiona cəlb edəcək".

Son xəbərlər

Orphus sistemi