İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” - MÜSAHİBƏ

İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” - MÜSAHİBƏ Azərbaycan karateçisi İrina Zaretska (68 kq) bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Fərdi
31 Oktyabr , 2023 13:44
İrina Zaretska: “Üçqat dünya çempionu olmağım mənim üçün tarixdir” - MÜSAHİBƏ

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Olimpiadanın gümüş mükafatçısı 2018 və 2021-ci illərdən sonra yenidən bu titula yiyələnərək, üçqat dünya çempionu olub.

27 yaşlı idmançı karyerası ərzində həmçinin 2 dəfə Avropa çempionu olub, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının hərəsini 2 dəfə qazanıb.

İrina Zaretska “Report”a müsahibəsində mundialla bağlı təəssüratlarını bölüşüb.

- Ardıcıl 3-cü dəfə dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?
- Bu, mənim üçün tarixdir! Bu səviyyəyə və nəticəyə nail olduğuma görə inanılmaz dərəcədə xoşbəxtəm. Ardıcıl 3 dəfə dünya çempionu olmaq təsadüfi deyil. Bu, nə qədər iş görüldüyünü və hansı nizam-intizamın olduğunu göstərir. Çünki karatedə dünya çempionatı 2 ildən bir keçirilir.

- Ən çətin görüşünüz hansı oldu?
- Siz bütün görüşləri onlayn izləyə bilərdiz. Əlbəttə ki, ən vacib döyüşlər yarımfinal və finalda oldu. Çünki həmin mərhələlərdə artıq hər şeyini ortaya qoymalı, son saniyəyə qədər döyüşməlisən.

- Son vaxtlar karatedə maliyyə problemləri yaşanır. Yığmanın 18 nəfərlə qatıldğı mundialda cəmi 1 qızıl medal qazanmasını bununla əlaqələndirmək olar?
- Səbəb təkcə maliyyə problemi deyil, həmçinin menecmentlə bağlıdır. Təəssüf ki, bu il nədənsə bununla bağlı problem yaşayırıq.

- Karateyə başlayanda 3 dəfə dünya çempionu olacağınızı xəyal edirdiniz?
- Karateyə yeni başlayanda hətta normal danışa bilmirdim. Ancaq nə qədər irəli getsəniz, iştahınız bir o qədər artır. Mən həmişə ən yaxşı olmaq istəmişəm.

- Karate yalnız Tokio-2020-də olimpiadanın proqramına salındı və gümüş medal qazandınız. Karatenin olimpiya idman növü sayılmaması sizi üzmür?
- Karate ilə bağlı çox planlarım var. Bu idman növünün yaxın gələcəkdə olimpiadanın proqramına salınmaması məni çox təəssüfləndirir və incidir. Axı bizim böyük rəqabət içində olan möhtəşəm, kütləvi idman növümüz var. Fikrimcə, hətta olimpiya proqramındakı idman növlərindən də çox rəqabət hökm sürür. Buna baxmayaraq, Avropa, dünya səviyyəli yarışlar, İslam Həmrəyliyi Oyunları keçirilir. Yəni, biz varıq. Azərbaycan karatedə dünyanın ən güclü 10 ölkəsi sırasında yer alıb. Hesab edirəm ki, qarşıda duran vəzifələrdən biri bu sahəni daha da inkişaf etdirmək olmalıdır. Təsadüfi deyil ki, karatenin yer aldığı ilk olimpiadada 2 gümüş medal qazandıq. Səhv etmirəmsə, bu, həmin vaxt olimpiadanın ən yaxşı nəticələrindən biri idi.

Son xəbərlər

Orphus sistemi