"Bütün Azərbaycana təşkkür edirəm. Hər zaman sizin fəxriniz olmağa çalışıram".
"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi İrina Zaretska Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı bildirib ki, olimpiadada çox çətin qrupa düşmüşdü: "Orada yaponiyalı dünya çempionu Ayumi Uekusa var idi. O, mənim üçün ən ağır rəqiblərdən biridir. Buna baxmayaraq, Uekusa ilə görüşüm yaxşı alındı. Qazandığım qələbə növbəti döyüşlər üçün mənə inam verdi. İtaliyalı Silviya Semeraro da mənim üçün prinsipial rəqib idi. Bu iki rəqiblə qarşılaşmadan sonra inam yarandı ki, qrupdan çıxıb, ən azı bürünc medalı təmin edə bilərəm".
Yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəldiyini xatırladan Zaretska həmin vaxt çox həyəcanlı olduğunu söyləyib: "O, dünya reytinqinin 2 nömrəsidir. Qələbə qazanmaq istəyirdim. Həyəcan gücümü daha da artırdı və əla döyüş alındı və 7:2 hesablı qələbə ilə finala yüksəldim. Mənə görə həyəcanlanan valideynlərimin, dostlarımın emosiyalarını, necə sevindiklərini gördüm. Finalda taktikam fərqli idi. Əvvəl daha fəal döyüşürdüm. Amma bu dəfə də eyni üslubda döyüşsəydim, xallar buraxa bilərdim. İstədiyim alınmadı. Hakim və bəxtsizlik amili də oldu. Mümkün olan hər şeyi etdim. Son saniyəyə qədər döyüşdüm. Sonda Avropa Oyunlarındakı öz həlledici zərbəmi də endirdim”.
Zaretska qızıl medal üçün 1 saniyənin çatmadığını vurğulayıb: "Bu medal da mənim üçün çox yaxşıdır. Bu, hamımızın uğurudur. Mənə azarkeşlik etdiyiniz üçün sizə təşəkkür edirəm. Finaldan sonra dəstək sözləri yazan, sakitləşdirən hər kəsə minnətdaram. Bunlar ürəyimi oxşayır, göz yaşlarıma səbəb olurdu”.
Gələcək planlarından da söz açan karateçi hələ gənc olduğunu və karyerasını davam etdirəcəyini deyib: "Qarşıda dünya çempionatı olacaq. Karate yenidən Olimpiada proqramına daxil edilsə, mütləq ora da gedəcəyəm. Baş məşqçimə də demişdim, bu yarışdan sonra heç nədən həyəcanlanmıram, qorxmuram. Bu, ən yüksək səviyyə idi. Bundan sonra elə özünəinam hissi gəlir ki, gedib tatamidə hamını parçalaya bilərsən. Dünya çempionatında daha yaxşı formada olacağam. Olimpiya oyunları artıq arxada qalıb. Bundan sonra döyüşmək daha rahat olacaq”.