İslamiadanın VII yarış günündə medal qazanan idmançılarla görüş keçirilib

İslamiadanın VII yarış günündə medal qazanan idmançılarla görüş keçirilib Çingiz Hüseynzadə: “Bu, Azərbaycanın idman dövləti olduğunu bir daha təsdiqlədi”
Fərdi
15 May , 2017 15:17
İslamiadanın VII yarış günündə medal qazanan idmançılarla görüş keçirilib
Report.az

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının VII yarış günündə medal qazanan idmançılarla görüş keçirilib.

"Report"un məlumatına görə, tədbirdə MOK-un, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və digər qonaqlar iştirak edib.

Ç.Hüseynzadə bildirib ki, İslamiadada ikinci medal günü daha möhtəşəm olub. O, yarışın qalibi olan qadın həndbolçulardan ibarət Azərbaycan yığmasının uğurunu xüsusi ilə qeyd edib: “İkinci gün daha məhtəşəm oldu, 28 medal qazandıq. Bu, Azərbaycanın idman dövləti olduğunu bir daha təsdiqlədi. Bildiyiniz kimi, komanda idman növləri üzrə beynəlxaq yarışlarda böyük uğur qazanmamışdıq. Lakin dünən qadınlardan ibarət həndbol millimiz çempion oldu. Qızlarımızı xüsusilə təbrik etmək istəyirəm”.

İ.Rəhimov və S.Məmmədov da çıxışlarında idmançıların uğurlarına diqqət çəkərək, onları təbrik ediblər.

Tədbirin sonunda xatirə lövhəsinə imza atan idmançılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan idmançıları mayın 14-də 14 qızıl, 8 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 28 medal qazanıblar. Ayxan Mamayev, Roman Heydərov, İrina Zaretska (karate), Ruslan Lunyov (atıcılıq), Məmmədəli Mehdiyev, Elxan Məmmədov (cüdo), Maksim Şemberov (üzgüçülük), Elçin Talıbov, Ramil Qasımov (paracüdo), qadınlardan ibarət həndbol yığması, Jalə Piriyeva, Marina Durunda və idman gimnastikası üzrə qadınlardan ibarət yığma (Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova) qızıl medala sahib çıxıblar. Elmar Qasımov, İrina Kindzerska (cüdo), Fəridə Əliyeva (karate), idman gimnastikası üzrə kişilərdən ibarət yığma (Murad Ağarzayev, Timur Bayramov, Bense Talas), Marina Durunda, Jalə Piriyeva (bədii gimnastika), Bayram Mustafayev və Kənan Abdulxanlı gümüş medala yiyələniblər. Həmçinin, Asiman Qurbanlı (cüdo), Jalə Piriyeva, Marina Durunda (bədii gimnastika), Natiq Talıbov, Rövşən Səfərov və İlham Zəkiyev (paracüdo, +100 kq) isə bürünc mükafat əldə ediblər. Bununlada Azərbaycanın İslamiadada qazandığı medal sayı 50-ə çatıb.

Son xəbərlər

Orphus sistemi