Hidayət Heydərov: "Finala yüksələ bilməmişəmsə, günah özümdədir"

Hidayət Heydərov: "Finala yüksələ bilməmişəmsə, günah özümdədir" "Ardıcıl üçüncü yarışdır ki, medal qazanıram. Bunun üçü də qızıl ola bilərdi. Budəfəki turnirdə öz səhvlərim ucbatından 1/4 final mərhələsində uduzdum"
Fərdi
8 Noyabr , 2021 11:49
Hidayət Heydərov: Finala yüksələ bilməmişəmsə, günah özümdədir
Hidayət Heydərov

"Ardıcıl üçüncü yarışdır ki, medal qazanıram. Bunun üçü də qızıl ola bilərdi. Budəfəki turnirdə öz səhvlərim ucbatından 1/4 final mərhələsində uduzdum".

Bu fikirləri "Report"a açıqlamasında Bakıdakı Böyük Dəbilqədə bürünc medala sahib olan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

73 kq çəki dərəcəsində çıxış edən idmançı 40 gün ərzində 3 dəfə çəki saldığını xatırladıb: "Belə vəziyyətdə yarışmaq, güləşmək həm ağır, həm də gözəldir. Böyük Dəbilqədə uduzduğuma görə heç kimi günahlandırmıram. Finala yüksələ bilməmişəmsə, günah özümdədir. Gələcək yarışlarda daha uğurlu olacağıma inanıram".

Heydərov qazandıqları bütün medalları şəhidlərə və Zəfər Gününə həsr etdiklərini bildirib: "Şəhidlərimiz olmasaydı, biz bu yarışda güləşə bilməzdik. Allah onlara rəhmət etsin, qazilərimizə isə can sağlığı versin".

24 yaşlı cüdoçu ardıcıl medallar qazanmasının ona yaxşı təsir edəcəyini vurğulayıb: "Artıq özümə inam və güvən qayıdıb. Məşqləri artıraraq, daha da böyük uğurlar qazanmağın vaxtıdır".

Cüdoçu komanda yoldaşı Rüstəm Orucovla rəqabətindən də danışıb: "Rüstəmlə mübarizə aparmaq gözəldir. Ancaq bunu deyə bilərəm. Onun olimpiadaya 2 həftə əvvəl yollanmağın yanlış olduğu fikri isə tamamilə düzgündür. Rüstəm artıq ardıcıl 3-cü olimpiadada iştirak edib. Nəyin düz, nəyin səhv olduğunu hər kəsdən gözəl bilir. Mən də onun sözləri ilə razıyam".

O, Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinə uğurlar arzulayıb: "İnanıram ki, düşərli olacaq. İdmançı olaraq belə məsələlər haqqında çox danışmaq istəmirəm. Öz işimi görüb, ölkəmizi layiqincə təqdim etmək niyyətindəyəm".

Heydərov 26 - 28 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək Böyük Dəbilqəyə qatılmayacaqlarını deyib: "Artıq səhvlərimin üzərində işləmək vaxtıdır. Daha güclü qayıdacağam. 5-6 fevral 2022-ci ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqədə iştirak edəcəyəm".

Son xəbərlər

Orphus sistemi