Yuxarı
    Bağlamaq

    Gürcüstan Şahmat Federasiyasının prezidenti: "Vüqar Həşimovun tarixi gedişini indiyədək xatırlayıram" - MÜSAHİBƏ

    Şəhriyar Məmmədyarovun qalib gəlməsini arzulayıram

    Şəmkir. 25 aprel. REPORT.AZ/ Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Giorqadze mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" turnirini izləməyə gəlib. "Report" G.Georqadzenin turnirin rəsmi saytına müsahibəsini təqdim edir:


    - Əvvəlcə "ShamkirChess 2017" turniri haqqında təəssüratlarınızı bilmək istərdik...
    - İlk olaraq, təşkilatçıları təbrik etmək istərdim. Sözün əsl mənasında möhtəşəm turnirdir. Açılış mərasimində Şəmkirin Azərbaycanın Linaresi olduğunu söylədilər. Bu fikirlə tamamilə razıyam. Gürcüstanla sərhəd yaxın olduğu üçün maşınla gəlmişəm. Sərhədi keçəndən sonra yol polisindən mehmanxanaya gedən yolu soruşdum. Şahmatla bağlı gəldiyimi eşidəndə çox sevindilər. Hotelə qədər məni müşayiət etdilər və çox məmnun qaldım. Bütün Şəmkir şahmatla bağlı səfərbər olub. Bilirsiniz dəfələrlə Linares superturnirində qonaq olmuşam. Orada mağazada satıcıdan başlayaraq polisə qədər hamı şahmatla nəfəs alır. Şəmkirdə mən həmin əhvalı hiss edirəm. Burada Vüqarın adına layiq yarış keçirilir.

    - Beynəlxalq turnirdə 10 şahmatçı iştirak edir. Siz hansı zəka sahibinə dəstək olursunuz?
    - Şəhriyarın qalib gəlməsini arzulayıram. Onun oyun üslubunu bəyənirəm. Döyüşdən qorxmur. Açıq mübarizə aparır və lazım olanda risk edir. Məmmədyarov dünyanın aparıcı şahmatçılarından biridir. Şəmkirdə mənim favoritim Şəhriyardır.

    - Payızda Tbilisidə şahmat üzrə Dünya Kuboku keçiriləcək. Mötəbər yarışa hazırlıq hansı vəziyyətdədir...
    - Təşkilat Komitəsi mütəmadi olaraq iclaslar keçirir. Dünya Kubokunun yüksək səviyyədə təşkili üçün lazımi işlər görüləcək. Bu məsələdə Azərbaycan Şahmat Federasiyası bizə yaxından köməklik göstərir. Bakıda keçirilən Dünya Kuboku və 42-ci Ümumdünya Şahmat Olimpiadası hamıya nümunə oldu. Çalışırıq ki, Gürcüstana gələcək qonaqlar bizdən razı qalsınlar.

    - 2018-ci ildə Şahmat Olimpiadası Batumidə təşkil olunacaq. Həmin bölgə turistlərin sevimli yeridir. Yarış zamanı hotellərlə bağlı problem yaranmayacaq?
    - Turist axını ilə bağlı məsələ həll olunub. Olimpiada sentyabrın sonunda başlayacaq. Həmin dönəmdə turist mövsümü sona yaxınlaşır. Düşünürəm ki, qonaqları yerləşdirməklə bağlı problem olmayacaq.

    - Gürcüstandakı Şahmat Olimpiadasıyla bağlı yeniliklər olacaq?
    - Hazırda bütün fikrimiz Dünya Kubokuna yönəlib. Yalnız bundan sonra olimpiada haqqında danışmaq olar. Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən gözəl olimpiada oldu. Bakıdan sonra yarışa ev sahibliyi etmək asan deyil. Çünki Azərbaycan yüksək səviyyə göstərdi. Bizi bu mənada çətin və məsuliyyətli iş gözləyir.

    - Şəmkir turniri Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunur. Vüqarla şəxsən tanışlığınız var idi?
    - Vüqarla şəxsi tanışlığım var idi. Onunla dəfələrlə turnirlərdə rastlaşmışıq. Şahmatçı kimi eyni yarışlarda iştirak etmişik. Linaresdə oynamışıq. Vüqarın tarixi gedişini indiyə qədər xatırlayıram. Həmin qitə birinciliyini canlı izləmişəm. 2009-cu il Serbiyada Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu. Son görüşdə onun həlledici gedişi komandanıza qələbə qazandırdı. Gözəl insan və güclü şahmatçı idi. Təəssüf ki, onu itirdik. Bu bütövlükdə dünya şahmatı üçün itkidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi