Yuxarı

Güləş üzrə növbəti Azərbaycan çempionatının vaxtı və yeri açıqlanıb

Çempionata 18 yaşı tamamlamış idmançılar qatıla biləcəklər

Bakı. 25 noyabr. REPORT. AZ/ Sərbəst və yunan-Roma güləşi üzrə növbəti Azərbaycan çempionatı dekabrın 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində start götürəcək. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq.

Çempionata 18 yaşı tamamlamış, 1996-cı il və yuxarı yaşlı idmançılar qatıla biləcəklər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar AGF Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 

Proqrama əsasən, dekabrın 12-də saat 16:00-da ilk çəki prosesi həyata keçiriləcək. Sərbəst güləş üzrə yarışların keçiriləcəyi ilk gündə 57, 61, 65, 70, 74 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək. Dekabrın 14-də 86, 97 və 125 kq sərbəst, 59, 66, 71 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri, son gündə isə 75, 80, 85, 98 və 130 kq yunan-Roma güləşçiləri mübarizə aparacaq. 

Qeyd edək ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi