Gənclər və İdman Nazirliyində cüdoçu və güləşçilərlə görüş keçirilib

Gənclər və İdman Nazirliyində cüdoçu və güləşçilərlə görüş keçirilib "Ermənilərlə güləşəndə bir az həyəcan olur, udmaq üçün yüz faizdən artıq güc qoymalısan"
Fərdi
27 Fevral , 2018 15:08
Gənclər və İdman Nazirliyində cüdoçu və güləşçilərlə görüş keçirilib
Report/ Elchin Murad

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində Almaniyanın Düsseldorf şəhərində keçirilmiş cüdo üzrə "Böyük Dəbilqə", eləcə də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə uğurlu çıxış edən Azərbaycan idmançıları ilə görüş keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Firdovsi Umudov, məşqçilər və digər şəxslər iştirak ediblər. F.Mansurov hər iki yarışda Azərbaycan idmançılarının əldə etdikləri uğurları yüksək qiymətləndirib: “Güləşçilərimiz Kiyevdə çox yaxşı çıxış ediblər, yüksək əyarları medal qazanıblar. Bu da AGF-in güləş ənənələrinə sadiq qaldığını göstərir. Cüdoçumuz Rüstəm Orucov və İrina Kindzerska da “Böyük Dəbilqə”də fəxri kürsüyə yüksəlməyi bacardı". 

Nazirlik rəsmisi oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmağın gərəkliyini vurğulayıb: "Bu il yeniyetmələrimizi olimpiada gözləyir. Federasiyalarımızın üzərinə böyük məsuliyyət düşür. Böyük idman yeniyetmələrdən, uşaqlardan başlayır. Qarşıda güləş və cüdo üzrə mötəbər yarışlar var. Bütün idmançılarımızı təbrik edirik və uğurlar arzulayırıq. Bu uğurlarla kifayətlənmək olmaz”. 

AGF-in I vitse-prezidenti olmaqla yanaşı, sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi olan F.Umudov göstərilən diqqətə görə təşəkkür edib. Baş məşqçi deyib ki, yarış Xocalı faciəsinə təsadüf etdiyindən erməni güləşçilərlə görüşlərdən əvvəl idmançlarla söhbət aparılıb: “Təqvim planımız çox sıxdır. Güləşçilərimizi Dünya Kuboku, Avropa çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları gözləyir. Güləşçilərimiz Kiyevdə əzmkarlıq, kişilik göstərdilər. Ermənistan idmançılarına qalib gəldilər. İdmanı siyasətə qarışdırmaq istəməzdim. Ancaq pəhləvanlarımızın çıxışı, həqiqətən, təqdirəlayiqdir. Belə də davam etmək lazımdır. Qazanılan qələbələr keçmişdə qaldı, irəli baxmalıyıq. Əlbəttə, səhvlər var və onları aradan qaldırmalıyıq. Kiyevdəki yarış Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionat hazırlıq xarakteri daşıyırdı. Burada oturan idmançıların çoxu olimpiya, dünya və Avropa çempionatında medal qazananlardır. Xüsusən də gənclərimiz uğurlara “acdırlar”. 

F.Umuodov birillik cəzası bu ilin aprelində başa çatacaq olimpiya çempionu Toğrul Əsgərovun Türkiyədən müayinədən qayıtdığını və məşqlərə başladığını bildirib: “Əsgərov may - iyun aylarından etibarən yarışlarda iştirak edəcək. Martın əvvəlində təlim-məşq toplanışında da bizimlə olacaq”. 

Ermənistanlı rəqibini məğlub edən İslam Abbasov görüş barədə bunları söyləyib: “Erməni ilə güləşəndə geridə olanda belə, uduzmayacağımı bilirdim. Düzdür, idmandır. Amma bunu həzm edə bilməzdim. Sonacan mübarizə apardım və qalib gəldim. Gələcəkdə də qələbələrimizi təkrarlamağa çalışacağıq”. 

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Şaban Donat da idmançıları təbrik edib və hədəflərinin Avropa çempionatında daha yaxşı çıxış etmək olduğunu söyləyib: “Güləşçilərimizə təşəkkür edirəm. Xüsusən də erməni idmançlarla görüşlərdə böyük məsuliyyətin öhdəsindən gəldilər. Avropa çempionatında daha yaxşı nailiyyətlərə imza atmaq üçün lap çox çalışmalıyıq”. 

Üçqat dünya çempionu Hacı Əliyev Avropa çempionatının Rusiyada keçirilməsinin Azərbaycan güləşçiləri üçün problem olmadığını vurğulayıb: “İdmançı hazır olandan sonra istənilən yerdə özünü göstərir. Əlbəttə, Rusiya Avropa çempionatında ev sahibi olacağı üçün onlara dəstək daha çox olacaq. Lakin biz də yaxşı hazırlaşacaq və uğurlu nəticə əldə etmək üçün səfərbər olacağıq. Firdovsi müəllim bizim yanımızda həm vitse-prezident, həm də baş məşqçi kimi durur. Bu, bizim üçün bir üstünlükdür. Nəsə problem olanda bir dostumuz, böyük qardaşımız kimi ona müraciət edirik. Güləşçilərimiz hər zaman öz sözünü deyiblər, bundan sonra da belə olacaq”. 

Güləşçilərdən Rafiq Hüseynov media nümayəndələrinə müraciət edərək, uğursuzluqla üzləşən bəzi tanınmış idmançları sərt şəkildə tənqid etməməyə çağırıb: “İdmançılarımıza daim dəstək olmaq lazımdır. Həddindən artıq tənqid gənc idmançılara pis təsir edir. Fikirləşirlər ki, bu qədər uğurlar əldə etmişəm, amma bir məğlubiyyətə görə bu qədər tənqid olunuram. Bu idmançılar bizim qəhrəmanlarımızdır”. 

“Böyük Dəbilqə”də gümüş medal qazanan cüdoçu Rüstəm Orucov Azərbaycan Cüdo Federasiyasındakı dəyişiklikdən sonra idmançılar üçün hər cür şəraitin yaradıldığını və bunun nəticələrə birbaşa sirayət etdiyini vurğulayıb: “Bu il dünya çempionatı Bakıda keçiriləcək. Əsas fikrimizi bu yarışa yönəltmişik. İnanıram ki, özümüzü göstərəcəyik. Ermənilərlə güləşəndə bir az həyəcan olur. Udmaq üçün yüz faizdən artıq güc qoymalısan. Finaldakı yaponiyalı rəqibim olimpiya çempionu idi idi. Səhvə yol verdim və uduzdum”. 

Qeyd edək ki, 65 ölkədən 441 cüdoçunun mübarizə apardığı "Böyük Dəbilqə" turnirində Rüstəm Orucov (73 kq) gümüş, İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Kiyevdə 37 ölkədən 500-dək güləşçinin iştirak etdiyi XXII beynəlxalq turnirdə Azərbaycan yığmasının üzvləri 9 qızıl, 6 gümüş və 4 bürünc medal əldə ediblər. Yunan-Roma güləşiçlərindən Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) qızıl, İslam Abbasov (87 kq), Sabah Şəriəti (130 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Orxan Nuriyev (97 kq) bürünc medalını qazanıb. Sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərindən üstün olub. Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq) və Cəbrayıl Həsənov (79 kq) turnirin gümüş medalına sahib olub. Bürünc medalı isə yığmaya Əfqan Xaşalov (57 kq) qazandırıb. Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib olub. Yalnız final görüşündə uduzan İrina Netreba (65 kq) “gümüş” əldə edib. Alyona Kolesnik (57 kq) isə üçüncü yeri tutub.

Son xəbərlər

Orphus sistemi