FIDE Qran-prisi: Məmmədyarov növbəti heç-heçə ilə geriləyib

FIDE Qran-prisi: Məmmədyarov növbəti heç-heçə ilə geriləyib Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Fərdi
24 Mart , 2022 21:48
FIDE Qran-prisi: Məmmədyarov növbəti heç-heçə ilə geriləyib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster III turda ağ fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Görüş 31-ci gedişdə heç-heçə ilə yekunlaşıb.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerə uduzub. Məmmədyarov ilk turda Kaymerlə, ardınca Dubovla heç-heçə edib. Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Bir pillə geriləyən Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi