​Fernando Alonso Bakıya gələcək

​Fernando Alonso Bakıya gələcək Səfər iki gün davam edəcək
Fərdi
166
2 Mart , 2016 14:00
​Fernando Alonso Bakıya gələcək

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso martın 8-də Bakıya gələcək. Bakı Şəhər Halqasının Əməliyyat Komitəsindən "Report"a verilən məlumata görə, o, 2 günlük səfər zamanı tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişatını yerində izləyəcək.

Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və şəhər trekində bu yay baş tutacaq yarışlarda "McLaren" komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.

Bununla yanaşı, F.Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə də görüşəcək.

Qeyd edək ki, F.Alonso Formula 1 üzrə Dünya Çempionatının ikiqat qalibidir və hal-hazırda McLaren Honda komandasının heyətində yarışır.

Son xəbərlər

Orphus sistemi