Hazırda "Alpine" komandasında çıxış edən "Formula 1" pilotu Fernando Alonso Azərbaycan Qran-prisində yeni rekorda imza ata bilər.
"Report"un məlumatına görə, Alonso həftəsonu Bakı mərhələsində çıxış edəcəyi təqdirdə ən uzun karyeraya malik sürücü adına yiyələnəcək.
İspaniyalı pilot "Formula 1"də 2001-ci ilin martında debüt edib. Azərbaycan Qran-prisində "Renault", "McLaren" və "Ferrari"nin keçmiş sürücüsü 21 il 3 ay və 8 gününü tamamlayacaq. Hazırkı rekord isə artıq karyerasını başa vurmuş 7 qat dünya çempionu Mixael Şumaxerə məxsusdur.
Digər tərəfdən, 41 yaşlı sürücü yarış sayında Kimi Raykkonenə məxsus 349 startlıq rekordu keçə bilər. Hazırda Alonsonun aktivində 340 yarış var. Belə davam edərsə, o, "Ferrari"dəki keçmiş komanda yoldaşını oktyabrdakı Sinqapur Qran-prisində geridə qoyacaq.
Qeyd edək ki, Fernando Alonso ikiqat (2005, 2006) dünya çempionudur.