“Finişə 20 km məsafə qalmış birinci yeri tutacağıma inanırdım”.
“Report”un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin qalibi olan Yari Verstraeten mətbuat konfransında deyib.
Qəbələ-Gəncə marşrutu üzrə 170 km məsafə qət edərək finiş xəttinə birinci çatan belçikalı velosipedçi sevincini gizlətməyib: “Çox çətin yarış oldu. Başlanğıcda eniş olmuşdu. Sprintdə bir qrup digərlərindən ayrıldı, dörd nəfərdən ibarət mükəmməl qrup yarandı. Hərdən külək əks istiqamətdə oldu, yol da uzun idi. Ancaq maraqlı mübarizə alındı. Növbəti mərhələlərdə isə dağ etapı olacaq. İnanmıram ki, bu, məndə uğurlu alınsın”.
Üç mərhələdən sonra ümumi yarışın liderliyini ələ keçirən italiyalı Emanuele Ansolini sarı formanı geyindiyi üçün xoşbəxt olduğunu bildirib: “Birinci mərhələdə sarı formaya sahib çıxmaq üçün bir neçə saniyəm çatmadı. Bu gün bunu reallaşdırmağım üçün komandam çox köməklik göstərdi. Qarşınızda bu forma ilə oturduğum üçün xoşbəxtəm. Son iki mərhələ çox çətin olacaq. Liderliyimi sona qədər qorumağa çalışacağam”.
Yarışın direktoru Roland Hofer isə bu dəfə öncədən fərqli yarış gözlədiklərini söyləyib: “Bu gün fərqli yarış gözləyirdik. Qarşıda bizi iki çətin, dağlı mərhələ gözləyir. Bu gün ümumi qrupdan ayrılan velosipedçilər var idi. Hətta 4 dəqiqəlik məsafə yaranmışdı. Bu gün iki velosipedçini itirdik. Ümid edirəm ki, son iki mərhələdə hamı finişə çata biləcək”.
Qeyd edək ki, velosipedçilər iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km yol qət edəcəklər.