"Bakıda hamı mehribandır. Kömək istəyəndə dərhal yardım edirlər”.
"Report"un məlumatına görə, bunu Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında Rusiya millisinin heyətində yarışan erməni gimnast Qarsevan Canazyan jurnalistlərə açıqlamasında deyib.
Yarışda bacısı Duxik Canasyanla birgə iştirak edən idmançı Bakı haqqında təəssüratlarını bildirib: "Bakıda bizi hər şey qane edir. Burada təhlükəsizlik yüksək səviyyədədir. Ona görə də bura gəlmişik. Bakını gəzmişik, çox gözəldir və tam sərbəst dolaşa bilirik. Avropa çempionatında məqsədmiz təmsil etdiyimiz ölkənin idman şərəfini qorumaq, bayrağını yüksəltməkdir. Bacımla "üçlük"də çıxış edirik. Mən həm də areodans proqramında 8 nəfərlik komandada çıxış edirəm".
Onun bacısı Duxik Canazyan da Bakıdan razılıqla danışıb: "Burada hər şey superdir. Azərbaycan yeməkləri, qalmaq üçün şərait, xoş münasibət, günəşli Bakı çox əla, insanlar çox mehribandırlar. Bizə hər şeydə kömək edirlər. Milli Gimnastika Arenası qeyri-adi gözəlliyə malikdir. Bura hər bir imkanları olan geniş zala malikdir. 2015-ci ildə Bakıda I Avropa Oyunlarında iştirak etmişdik. Azarkeşlər burada bütün gimnastları dəstəkləyirlər. Onların bizi də dəstəkləmələri çox xoş olmuşdu. Azərbaycan paytaxtında gözəl idman atmosferi var. Əsas odur ki, layiqincə çıxış edək. Sonrası hakimlərdən asılıdır".
İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın "Çelsi" ilə UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməkdən imtina etməsinə münasibət bildirən Q.Canazyan insanların müxtəlif olduğunu söyləyib: "Azərbaycan tam təhlükəsiz ölkədir. Ona görə də biz buradayıq".
D.Canazyan isə deyib: "Mən Mixtaryanın yerində olsaydım, Bakıya gələrək komandamızın yanında olardım və onu dəstəkləyərdim".