"Cüdo mənim həyatımı çox dəyişib. Azərbaycanı dünyada tanıtmaq baxımından yenidən dünyaya gəlsəydim, cüdoçu olmağı seçərdim".
“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli Gənclər və İdman Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımda deyib.
O bildirib ki, idmanla ən çox sağlamlığa görə məşğul olmalıdırlar: "Azərbaycan xalqı nə qədər sağlam olsa, ordusu o qədər də güclü olacaq. Yay Olimpiya Oyunlarına gedəndə də sanki müharibəyə gedirik. Bütün görüşləri qələbə ilə bitirdikdə hamı bizim himni dinləyir. Bundan gözəl hiss ola bilməz. Azərbaycanın igid övladları, hamı Ali Baş Komandanın əmrini gözləyir. Mən də olimpiya çempionu kimi həmin sıradayam. İnanıram ki, yarışlarımız Şuşada və Laçında keçiriləcək".
Məmmədlinin sözlərinə görə, idmanın zirvəsi ilk olaraq olimpiya çempionluğu, daha sonra dünya və Avropa çempionatında qələbədir: "Gənclərə tövsiyəm odur ki, valideynlərinə qulaq assınlar. Valideynlərə isə demək istəyirəm ki, övladlarınızı idmana qoyun. Öz övladımın da atası kimi olimpiya çempionu olmasını istəyirəm. Hərçənd, idmana marağı yoxdur. Gərək o da istəsin, onun yerinə qərar verə bilmərəm. Məni valideynim idmana aparıb, amma mənim yerimə məşq etməyib, əziyyətlər çəkməyib".
Vitse-prezident sərbəst güləş üzrə milli komandanın baş məşqçisi təyin edilən olimpiya çempionu Namiq Abdullayevi təbrik edb. O, özünü məşqçi kimi görmədiyini sözlərinə əlavə edib: "Məşqçi ilə olimpiya çempionu arasında fərq böyükdür. Cüdoda Elxan Məmmədov kimi məşqçimiz var. Çox çətin işdir. Biz məsuliyyətdən qorxmuruq, sadəcə, işi bacarmaq lazımdır. Namiq Abdullayevin böyük təcrübəsi var. Onun təyinatını eşidəndə çox sevindim".
Məmmədli bildirib ki, karyerası ərzində həmişə zəif idmançılara uduzub: "Güclü idmançılara məğlub olduğumu xatırlamıram".
Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olub.