Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin "Report"un Praqaya ezam olunmuş əməkdaşına müsahibəsi
- Çexiyada gənclər arasında Avropa çempionatına start verilib. Yarışdan gözləntiləriniz nədir?
- Bu, çox güclü yarışdır. Turnirdə 39 ölkədən 349 cüdoçu mübarizə aparır. Onlardan 203-ü oğlan, 146-sı qızdır. Avropa çempionatına güclü cüdoçularımız qatılıb. Buraya qələbə üçün gəlmişik və hər bir idmançımıza inanırıq. İlk gündən layiqli nəticə qazanacağımıza ümid edirik.
- Avropa çempionatından sonra bəzi gənclərin əsas komandaya cəlb olunması üçün potensialları varmı?
- 60 kq-dakı Nizami İmranov yeniyetmələr arasında dünya və Avropa çempionatının medalçısıdır. Onda böyük potensial görürük. Eyni çəkidəki yeniyetmələr arasında Avropa çempionu və Yay Olimpiya Festivalının qalibi Turan Bayramov ilə 81 kq-da Elcan Hacıyevin gənclərin mübarizəsində sonuncu illəridir. Bundan sonra böyüklərlə birlikdə yarışlara qatılacaqlar.
- Təşkilatçılıq, Azərbaycan nümayəndə heyətinə ümumi münasibət necədir?
- Bunu siz desəniz, daha yaxşı olar. Bizə və Azərbaycana olan münasibət yüksək səviyyədədir. Çünki biz də onlara gözəl münasibət göstəririk. Ölkəmizdə Böyük Dəbilqə turniri təşkil olunur, yaxşı və nailiyyətli idmançılarımız var. Həmişə ön sıralarda gedən ölkələrdənik. Bugünkü nəticələrin yaxşı olacağını gözləyirik. 60 kq-dakı Turan Bayramov və Nizami İmranovdan gözləntilərimiz çoxdur. Nizami yeniyetmələrdən gənclərə təzə keçib. Onda böyük potensial gördüyümüz üçün Avropa çempionatına gətirdik. Turan Bayramov isə artıq burada medal qazanmağa ən böyük favoritlərdən biridir.
- Gənclərin Avropa çempionatı Azərbaycan - Ermənistan sərhəddində hərbi əməliyyatların olduğu vaxta təsadüf edib. Bu, bizim idmançılara necə təsir edir?
- Bütün dünya Azərbaycan Ordusunun, xalqının, əsgərinin nəyə qadir olduğunu gördü. Biz artıq yarışlara qalib ölkə kimi gedirik. Bu, idmançılar üçün böyük motivasiya və stimuldur. 44 günlük Vətən müharibəsindən sonra cüdoçularımız da parlaq qələbəmizdən böyük motivasiya alaraq yarışlarda rahat, sərbəst çıxış edə bilirlər.
- Azərbaycanın yeniyetmələrdən ibarət komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda qızıla bərabər gümüş medal qazanıb. Bəs gənclər arasında Avropa çempionatında komanda növündə şanslar nə qədərdir?
- Azərbaycan cüdosu gündən-günə inkişaf edir. Çünki bu idman növündə hər şey artıq sistemləşib, nailiyyətlərimiz də göz qabağındadır. İlk dəfə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında birinci olduq. Bu, tarixdir. Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında ikinci heyətlə çıxış etsək də, idmançılarımız yaxşı nəticə göstərdilər. Yeniyetmələrin dünya çempionatında bütün ölkələr bizə azarkeşlik edirdi. Çünki Fransa kimi ölkəyə qarşı bir zədəli idmançımız var idi. Mübarizə başalayanda rəqib bizdən 1:0 hesabı ilə öndə idi. Hesabı 3:3-ə gətirmək və püşkdən sonra qızıl xal mübarizəsi üçün zədəli Fidan Əlizadənin çəkisinin çıxması hamını kədərləndirdi. Püşk atılanda hamı Azərbaycan cüdosu üçün əl çaldı. Onlar da ölkəmizdə cüdonun inkişaf etdiyini görürlər.
- Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatı üçün millinin heyəti müəyyənləşibmi və qarşıdakı mundialda hansısa gənc idmançının iştirakı planlaşdırılırmı?
- Hələlik heyətlə bağlı dəqiq məlumat yoxdur. Yığma hazırda təlim-məşq toplanışındadır. Hazırlıq prosesi bitəndən sonra oturub düşünəcək və dünya çempionatına kimlərin gedəcəyinə qərar verəcəyik.