Bakı. 18 dekabr. REPORT.AZ/ "2018-ci il karyeramda uğurlu oldu. İlin ilk yarısında Avropa çempionu, ikinci yarısında isə dünya çempionu titulunu qazandım".
"Report" xəbər verir ki, bunu İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” mükafatlandırma mərasimində İlin idmançısı adına layiq görülən yunan-Roma güləşçisi Eldəniz Əzizli jurnalistlərə açıqlamasında deyib.
26 yaşlı idmançı Azərbaycan Güləş Federasiyası hər zaman uğurlu nəticələr verdiyi üçün ondan daha yaxşı nailiyyətlərin gözlənildiyini vurğulayıb: "Həqiqətən də, Azərbaycan güləşi ölkə idmanının flaqmanı, həm olimpiadada, həm də dünya çempionatlarında il ərzində ən çox medal qazanılan idman növüdür. Şübhəsiz ki, idmansevərlər də həmişə bizdən yüksək əyarlı medallar gözləyirlər".
E.Əzizli Avropa və dünya çempionatında yalnız özünün uğurla çıxış etməsindən təəssüfləndiyini bildirib: "Komanda yoldaşlarım da medallara layiq idilər. Hər birimiz eyni təlim-məşq toplanışlarından və hazırlıq prosesindən keçmişdik. Bəzən elə olur ki, kimsə Avropa və dünya çempionu ola bilmir. Bu, o demək deyil ki, Azərbaycan Güləş Federasiyası artıq geriləyib".
Avropa və dünya çempionu 2019-cu ildə "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirak edəcəklərini vurğulayıb: "Bizim ilk vəzifəmiz dünya çempionatından olimpiadaya lisenziya qazanmaq, sonra isə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi ən yaxşı şəkildə təmsil etməkdir. Ümid edirəm ki, bunu ən yaxşı şəkildə bacaracağıq".
Qeyd edək ki, Eldəniz Əzizliyə mükafatı dayısı, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev təqdim edib.