İlin qalibləri üçün Bakı Olimpiya Stadionu və "Qar6"nda mükafatlandırma - REPORTAJ - FOTO

İlin qalibləri üçün Bakı Olimpiya Stadionu və "Qar6"nda mükafatlandırma - REPORTAJ - FOTO Bakı. 18 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzinin (İAM) İlin qalibləri-2018 layihəsi çərçivəsində Qar6 adlı mükafatlandırma mərasimi keçirilib.
Fərdi
18 Dekabr , 2018 15:28
İlin qalibləri üçün Bakı Olimpiya Stadionu və Qar6nda mükafatlandırma - REPORTAJ - FOTO
Report/Firi Salim

Bakı. 18 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2018" layihəsi çərçivəsində "Qar6" adlı mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə 11 mükafat sahibini tapıb. Öncə tədbirin aparıcısı Sənan Şəfizadə mərasimi açıq elan edib.

İAM-ın sədri Elşən Məmmədov bildirib ki, bu tədbir artıq 6-cı ildir təşkil olunur və səsverməyə 58 KİV-i təmsil edən idman jurnalistləri qatılıb. Onun sözlərinə görə, seçim zamanı aktivlik müşahidə olunub: “İl ərzində ölkəmizdə çoxsaylı beynəlxalq yarışlar keçirilib. 2019-cu ildə Avropa Liqasının da finalı Bakıda olacaq. Bizim də istəyimiz budur: Daha çox yarış keçirilsin və idman uğurları çox olsun ki, səsvermə ciddi rəqabət şəraitində getsin. Hər birinizə iştirak üçün təşəkkür edir, ilin qaliblərini təbrik edirəm".

Daha sonra mükafatlandırma başlanılıb. Öncə xüsusi mükafatların sahibləri səhnəyə dəvət olunublar. E.Məmmədov tədbirin baş sponsoru "Topaz"ı və sponsoru "Il Azero"nu mükafatlandırma mərasiminə verdikləri dəstəyə görə mükafatlandırıb.

     

Daha sonra təşkilati dəstəkçi Bakı Olimpiya Stadionu "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev tərəfindən mükafatlandırılıb.

Xüsusi mükafatlar və müxtəlif nominasiyalar üzrə mükafatlandırmadan öncə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova söz verilib. O, tədbir iştirakçılarını görməkdən şad olduğunu vurğulayıb: “Artıq 2018-ci ilin son günlərini yaşayırıq. Bu il ölkəmizdə bir neçə tədbir, nüfuzlu yarışlar təşkil olundu. Azərbaycanda keçirilən tədbirlərə dəyər, qiymət verilir. İdmançılarımız dünyanın müxtəlif yerlərində 800-ə yaxın medal qazanıb. Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da 7 medala sahib olduq. Ölkəmizdə idmana diqqət və qayğı var. İnanıram ki, Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına da çoxlu lisenziyalar qazanılacaq. İAM-ın apardığı sorğuda ən layiqli insanlar qiymətləndirilir. Onları təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram".

Daha sonra, İ.İsmayılov "İlin idman xadimi" mükafatını Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova təqdim edib. F.Qayıbov çıxışında il ərzində əldə olunan nailiyyətlərdən danışıb: “Belə bir mükafata görə sizə minnətdarlığımı bildirirəm. Belə bir gündə mükafat almaq mənim üçün ikiqat fərəh deməkdir. 10 il bundan öncə ilk dəfə ata oldum. Bu uğur tək mənim deyil. Bu gün Avropa Gimnastika İttifaqının yeni internet saytının təqdimatı olacaq. 15 il Azərbaycan Gimnastika Federasiyasında çalışmışam. Mənə çoxlu insanlar dəstək olublar. Federasiyasımıza düzgün istiqamət verən şəxs qurumun prezidenti Mehriban Əliyeva olub. Azərbaycan Gimnastika Federasiyası ötən il 148 ölkənin federasiyası arasında ən yaxşı seçilib. Bu da ən yaxşı sübutdur. 2018-ci il mənim üçün çətin və uğurlu oldu. Bu ili demək olar ki, təyyarələrdə keçirdim, müxtəlif ölkələrə səfərlər etdik. Mühüm qərarlar qəbul etdik. Bunların bəzilərinin nəticələrini bu il, bəzilərini isə illər sonra görəcəyik. 2019-cu ildə bizi daha böyük tədbirlər gözləyir. Bunların arasında "Minsk-2019" II Avropa Oyunları və Bakıda təşkil olunacaq. Avropa Gənclərinin Olimpiya Festivalı da var. Ölkə xaricində görüşlərim zamanı Azərbaycan idmanı barəsində yalnız xoş sözlər eşidirəm. Bu da bizim üçün fərəh doğurur. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İldə hər birinizə uğurlar arzulayıram”.

"İlin idman yarışı” nominasiyasında qalib olaraq, Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatı seçilib. Mükafatı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlıya təqdim edib. E.Babanlı tədbir iştirakçılarını salamlayıb və səs verdikləri üçün jurnalistlərə təşəkkür edib: “İlk dəfə cüdo üzrə dünya çempionatı ölkəmizdə keçirilirdi. Beynəlxalq cüdo federasiyasiyasının ən yüksək rəyini aldıq. Buna görə böyük məmnunluq hissi keçiririk. Bir çox idman növləri üzrə dünya çempionatları ölkəmizdə keçirilib. Bu da Azərbaycandakı düzgün idman siyasətinin nəticəsidir. Burada iştirak edən hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edirəm”.

Bakıda ardıcıl üçüncü il təşkil olunmuş "Formula 1" üzrə Azərbaycan Qran-Prisi də yaddan çıxmayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Media ilə sıx və səmərəli əməkdaşlığa görə mükafatlandırılıb. Ona mükafatı Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, tanınmış jurnalist Elnur Əşrəfoğlu təqdim edib. N.Arpadarai hər kəsə təşəkkürünü bildirib: “Artıq ikinci ildir ki, Azərbaycan Qran Prisi nüfuzlu beynəlxalq qurumlar tərəfindən ən yaxşı yarışlar sırasında yer alır. Aldığım mükafat tək mənim yox, bütün komandamızın uğurudur".

Artıq iki ildir fəaliyyət göstərən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Təmiz idman" mükafatına layiq görülüb. Mükafatı "İdman" qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyevdən alan agentliyin təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva “Çox şadam ki, informasiyanı anında çatdırırsınız. AMADA belə tez bir zamanda tanındı. Bunun üçün qürur duyuruq".

Daha sonra "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə daşımış mərhum baş məşqçi Böyükağa Hacıyevin adına təsis olunmuş "Böyükağa Hacıyev mükafatı" sahibini tapıb. Bu mükafata “Zirə” klubunun hazırkı, "Sumqayıt"ın isə sabiq baş məşqçisi Samir Abasov layiq görülüb. S.Abasovun maraqlı fikirlərinin yer aldığı videosujet təqim olunduqdan sonra mükafatı Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev təcrübəli mütəxəssisə təqdim edib. Baş məşqçi suallara cavab verəndə belə maraqlı alınacağını düşünmədiyini vurğulayıb: “Görünən odur ki, danışığa görə də mükafat verilir (gülür). Çox sağ olun, hər birinizə təşşəkür edirəm”.

Növbəti mükafat isə 2017-2018 mövsümünün oyunçusuna verilib. Hazırda “Sabah”da çıxış edən "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev ilk dəfə futbolçular arasındakı sorğu nəticəsində bu mükafata layiq görülüb. Ona mükafatı “Neftçi”nin prezidenti Kamran Quliyev verib. C.İmamverdiyev üzərində S.Abasovun böyük əməyinin olduğunu vurğulayıb: "Üzərimdə kimin əməyi varsa, hamısına təşəkkür edirəm. Samir Abasova isə xüsusi təşəkkür edirəm ki, məni futbola qaytardı”.

Sonra isə İlin futbolçusu seçilmiş Mirabdulla Abbasov səhnəyə dəvət olunub. 23 yaşlı hücumçuya mükafatı AFFA Məşqçilər Komitəsinin üzvü, “Şöhrət” ordenli mütəxəssis, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasəlim Mircavadov təqdim edib. M. Abbasov səs verən hər kəsə minnətdarlığını bildirib. O da öz növbəsində S.Abasova təşəkkür etməyi unutmayıb: “Məni hücumçu kimi Samir müəllim sınayıb, mənə belə şansı o verib. Hər birinizi qarşıdan gələn Yeni İl münasibətilə təbrik edirəm".

İlin əcnəbi futbolçusu mükafatına isə “Qarabağ”ın oyunçusu Donald Gerrye layiq görülüb. Haiti millisinin üzvünə mükafatı "İrəli" İctimai Birliyinin sədri, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi MirHəsən Seyidov verib. Gerrye çıxışına Azərbaycan dilində "Mənə səs verənlərə təşəkkür edirəm" sözləri ilə başlayıb. Daha sonra o, baş məşqçi Qurban Qurbanova və idman jurnalistlərinə minnətdarlığını bildirib.

Sonra isə Sport24.az saytının redaktoru Mehman Süleymanova söz verilib. O, çıxış edərək mükafatlandırma mərasiminin “Qar6” adlandırılmasının səbəblərini izah edib.

Ardından İlin məşqçisi seçilmiş Qurban Qurbanov səhnəyə dəvət olunub. Hazırda "Qarabağ"a rəhbərlik edən təcrübəli mütəxəssis idman sahəsində əməyi olan hər kəsi təbrik edərək, onlara müvəffəqiyyətlər arzulayıb.

Son olaraq “İlin idmançısı” mükafatı yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Eldəniz Əzizliyə təqdim olunub. Mükafatı ona dayısı, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev təqdim edib. E.Əzizli 2018-ci il hamı üçün uğurlu olduğunu qeyd edib: “Mənə səs verən jurnalistlərə təşəkkür edirəm. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qatılmaq və orada uğurla çıxış etmək istəyirəm”.

Son olaraq İAM-ın sədri E.Məmmədov tədbirə qatılanlara təşəkkür, qalibləri təbriklər edib. Daha sonra isə tort kəsilib və birgə xatirə fotosu çəkilib.

Son xəbərlər

Orphus sistemi