Dünya idmanının illərə meydan oxuyan azərbaycanlı incisi – Mariya Stadnik sərhəd tanımır – ŞƏRH

Dünya idmanının illərə meydan oxuyan azərbaycanlı incisi – Mariya Stadnik sərhəd tanımır – ŞƏRH Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı Azərbaycan güləşçilərinin parlaq çıxışı ilə diqqətləri çəkdi. Yunan-Roma güləşi millimiz 3 qızıl, 2 gümüş, 1 bürünc medalla komanda hesabında 142 xalla yalnız Türkiyədən (147 xal) geri qaldı. “Kl
Fərdi
23 Fevral , 2024 13:42
Dünya idmanının illərə meydan oxuyan azərbaycanlı incisi – Mariya Stadnik sərhəd tanımır – ŞƏRH
Mariya Stadnik

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı Azərbaycan güləşçilərinin parlaq çıxışı ilə diqqətləri çəkdi. Yunan-Roma güləşi millimiz 3 qızıl, 2 gümüş, 1 bürünc medalla komanda hesabında 142 xalla yalnız Türkiyədən (147 xal) geri qaldı. “Klassiklər” həm də tarixində ilk dəfə qitə birinciliyində 3 qızıl mükafat əldə etdilər. Yığmanın heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) Buxarestdə Azərbaycan Dövlət Himninin səsləndirilməsinə nail oldular. Rəşad Məmmədovla (55 kq) Ülvü Qənizadə (72 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medala yiyələndi.

Sərbəst güləş yığmamız yarışı 1 gümüş, 6 bürünc medalla başa vurdu. Milli 122 xalla komanda hesabında 3-cü oldu. Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medalla kifayətləndilər.

Qadın güləşçilərdən ibarət milli isə 83 xalla komanda hesabında 4-cü yeri tutdu. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəldisə, Elis Manolova (65 kq) bürünc medalla təsəlli tapdı.

Qitə birinciliyində 25 pəhləvanla təmsil olunan Azərbaycanın qazancı ümumilikdə 16 medal (5 qızıl, 3 gümüş, 8 bürünc) oldu ki, komandamız bu göstəricidə yalnız Türkiyədən geri qaldı. Qardaş ölkə təmsilçiləri Buxaresti 17 medalla (7 qızıl, 6 gümüş, 4 bürünc) tərk etdilər.

Bütün bunlar Buxarestdə yaşananların qısa icmalıdır. İndi isə əsas mətləbə keçid alaq. Qitə birinciliyində Azərbaycan güləşi, idmanı adına tarixi hadisənin şahidi olduq. Belə ki, Mariya Stadnik karyerasında 10-cu dəfə Avropanın ən güclü pəhləvanı ünvanına sahib çıxdı. Özü də 35 yaşında! Ukraynanın Lvov şəhərində anadan olan bizim Mariya illərə meydan oxuyur, sərhəd tanımır. O, dünya güləş tarixində də 4 olimpiadada medal qazanan 3 qadın güləşçidən biridir. Bu unikal göstəriciyə həmçinin Kaori İço və Saori Yoşida (hər ikisi Yaponiya) imza atıblar.

158 sm boya malik idmançı Yay Olimpiya Oyunlarında iki dəfə finalda uduzubsa, iki dəfə də fəxri kürsünün üçüncü pilləsində yer alıb. O, hələ də Azərbaycanın olimpiya medalı qazanan ilk və yeganə qadın pəhləvanı ünvanını özündə saxlayır. Stadnik dünya çempionatlarında da adından söz etdirib. Millinin lideri bu yarışın ikiqat qalibi olmaqla yanaşı, 3 dəfə gümüş, 1 dəfə isə bürünc medal qazanıb. Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında isə ümumilikdə 4 çempionluğu var.

Paris-2024-ə lisenziya qazanması şübhə doğurmayan Mariyanın zəngin kolleksiyasında yalnız olimpiadanın qızıl medalı çatışmır. Nə bilmək olar, bəlkə də güləş Parisdə onun “borc”undan çıxacaq. Axı futbol da Lionel Messiyə dünya çempionluğu “borc”unu 2 il öncə Qətərdə ödəmişdi. Onda argentinalı ulduz 35 yaşında idi. Mariya isə Fransada 36 yaşında olimpiya çempionluğu uğrunda mübarizə aparacaq. Etiraf edək ki, bu, bir idmançı, özü də xanım üçün az yaş deyil. Amma Mariya illərdi bunun əksini sübut edir. Onun yüksək fiziki hazırlığı, peşəkarlığı, inanılmaz mübarizə əzmi, sabit çıxışı, rəqibləri üzərində əzici üstünlüyü hər kəsi heyran edir. Ümid edək ki, dünya idmanının azərbaycanlı incisinin şərəfinə Dövlət Himnimiz Parisdə də səslənəcək. Bu, parlaq karyeranın möhtəşəm finişi olardı. Çünki böyük ehtimalla Paris Yay Olimpiya Oyunları onun üçün 4 illiyin sonuncu nüfuzlu yarışı olacaq.

16 ildir Azərbaycan idmanına can-başla xidmət edən Stadnikin parlaq qələbələri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Tərəqqi”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Dünya idmanının azərbaycanlı incisi 16 il ərzində nüfuzlu yarışlarda 16 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıb. Bu, həqiqətən də inanılmaz, fantastik nəticədir. İndi isə Azərbaycan ondan növbəti parlaq zəfəri - Fransanın paytaxtı Parisi fəth etməyi gözləyir!

Son xəbərlər

Orphus sistemi