Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 21 yaşlı idmançı 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib. Finala gedən yolda onun rəqibi yaponiyalı Soiçi Haşimoto olacaq.
Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.
*** 13:23
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
“Report”un məlumatına görə 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/8 final mərhələsində tacikistanlı Behruzi Xojazoda qalib gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Heydərov əlavə vaxtda fənd işlədərək qalib gəlib. Görüş ümumilikdə 4 dəqiqə 21 saniyə davam edib. Heydərovun 1/4 final mərhələsindəki rəqibi monqolustanlı Odbayar Qanbaatar olacaq. Bu iki cüdoçu ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında bürünc medal uğrunda görüşdə də qarşılaşıb. Həmin vaxt Qanbaatar qalib gələrək, 3-cü yeri tutub. Heydərov isə 5-ci yerlə kifayətlənib.
73 kq çəkidəki azərbaycanlı digər cüdoçu Rüstəm Orucov isə mübarizəni dayandırıb. Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.
*** 12:38
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/16 final mərhələsində monteneqrolu Sedrik Bessiyə qalib gəlib. O, 2 dəqiqə 15 saniyəyə ipponla qələbə qazanıb. Heydərovun növbəti rəqibi tacikistanlı Behruzi Xojazoda olacaq.
Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da 1/8 finala yüksəlib. Onun rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.
*** 12:15
Azərbaycan cüdoçusu Rüstəm Orucov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı 1/16 final mərhələsində BƏƏ-dən olan Viktor Skvortsova qalib gəlib. O, 1 dəqiqə 19 saniyəyə ipponla qələbə qazanıb. Orucovun növbəti rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.
Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Hidayət Heydərov 1/16 final mərhələsində monteneqrolu Sedrik Bessi ilə qarşılaşacaq.
*** 11:22
Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı ilk görüşündə iraqlı Sajjad Seheni yenib. O, rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olacaq.
Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da ilk görüşünü qələbə ilə başa vurub. 27 yaşlı idmançı 1/16 finalda BƏƏ-dən olan Viktor Skvortsovla qarşılaşacaq.
*** 11:03
Azərbaycan cüdoçusu Rüstəm Orucov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 27 yaşlı idmançı ilk görüşündə misirli Məhəmməd Mohyeldinə qalib gəlib. O, 1/2 final görüşündə 1 dəqiqə 22 saniyəyə ipponla qələbə qazanıb. Avropa çempionunun 1/16 finalda rəqibi Viktor Skvortsov (BƏƏ) cütünün qalibi olacaq.
Bu çəkidəki azərbaycanlı digər cüdoçu Hidayət Heydərov isə 1/32 finalda iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.
*** 10:28
Azərbaycanın qadın cüdoçusu İçinxorlu Munxtsedev Bakıda davam edən dünya çempionatında mübarizəni erkən dayandırıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsindəki idmançı 1/32 finala təsadüf edən ilk görüşündəcə almaniyalı Amelie Stolla ipponla uduzub.
Az sonra kişilər arasında 73 kq çəki dərəcəsində yer alan azərbaycanlı Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizəyə qoşulacaq.