Azərbaycanın daha iki boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, əvvəlcə 51 kq-da mübarizə aparan Məsud Yusifzadə tailandlı Tanarat Saenqpetlə qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan idmançı yarışı medalsız başa vurub.
71 kq-da çıxış edən Sərxan Əliyev isə bu raundda ABŞ təmsilçisi Obed Barti-El ilə qüvvəsini sınayıb. 4:1 hesablı qələbə qazanan idmançı adını yarımfinala yazdırıb. Əliyev həlledici görüşə vəsiqə uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq. Növbəti 2 gündə isə final görüşləri təşkil olunacaq.
Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünü keçirib.
"Report"un məlumatına görə, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev yarımfinala vəsiqə uğrunda hindistanlı Narenderlə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmadan qələbə ilə ayrılan Abdullayev yarımfianala yüksəlib və ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda ermənistanlı Davit Çaloyanla qarşılaşacaq.
Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.
Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.
Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.