Cüdo üzrə Azərbaycan milliləri yeni istifadəyə verilən Təlim-Məşq Mərkəzində hazırlığa başlayıblar.
Bu barədə “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu məlumat verib.
Qurum rəsmisi bildirib ki, cüdoçular dünəndən yeni məkanda məşq keçirlər: “Təlim-Məşq Mərkəzində hər şey hazırdır. Federasiyanın ofisi ötən həftədən orada fəaliyyətə başlayıb. Milli komandalar isə dünəndən məşqləri yeni məkanda keçirlər. Bundan sonra bütün yığmalarımız hazırlıqlarını yeni mərkəzdə keçəcəklər”.
R.Rəsullunun sözlərinə görə, Təlim-Məşq Mərkəzində yalnız cüdo milliləri hazırlıq keçə biləcəklər: “Futbol meydanında kiminsə gəlib məşq keçməsi o demək deyil ki, onlar orada hazırlaşırlar. Təbii ki, başqa idman növləri üzrə komandalardan müraciət edilərsə və imkanımız olarsa, kömək etməyə çalışarıq. Ancaq orada başqa idman növləri üzrə komandaların təlim-məşq toplanışı keçmələri üçün şərait yoxdur. Yəni cüdo tatamisinin üzərində başqa idman növündən olan komandaların məşq keçməsi mümkün deyil. Tatamini də yığışdıra bilmərik”.
Qeyd edək ki, Bakıdakı Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də yaradılan şəraitlə tanış olub.