"Buta Golden" Atçılıq İdman Klubunun üzvü “ARAF Kuboku”nun qalibi olub - FOTO - VİDEO

"Buta Golden" Atçılıq İdman Klubunun üzvü “ARAF Kuboku”nun qalibi olub - FOTO - VİDEO Yahor Morotski "Astrello" ləqəbli atla birinci yeri tutub
Fərdi
11 Dekabr , 2017 15:47
Buta Golden Atçılıq İdman Klubunun üzvü “ARAF Kuboku”nun qalibi olub - FOTO - VİDEO
Report

Bakı. 11 dekabr. REPORT.AZ/ Binə Atçılıq Mərkəzinin qapalı manejində bu ilin son konkur yarışı keçirilib.

“Report” xəbər verir ki, E, M* və S* kateqoriyaları üzrə təşkil olunmuş “ARAF Kuboku” turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

Final mərhələsində 16 iştirakçının yer aldığı turnirin qalibi "Astrello" ləqəbli atla "Buta Golden" Atçılıq İdman Klubunun üzvü Yahor Morotski olub. “Omar” klubunun üzvü Ələkbər Məmmədov “Francescco” ləqəbli atla ikinci yeri tutub. “Elit” atçılıq klubunun çaparı Elmar Abdullayev isə “Cera 59” ləqəbli atla üçüncü yerə layiq görülüb.

Turnirlə bağlı təəssüratlarını “Report”a bölüşən "Buta Golden" Atçılıq İdman Klubunun baş məşqçisi Camal Tağıyev bildirib ki, konkur növü üzrə yarışlarda yeni olsalar da, iddialıdırlar. O, turnirin qalibi olan "Astrello" ləqəbli atı Rusiyadan gətirdiklərini söyləyib: “Astrello”nu ötən ilin mayında Rusiyadan gətirmişik. Rusiyanın 5 ən seçilmiş atından biri idi. Sağ olsunlar, rəhbərlik kömək etdi, gətirdik. Atla bərabər idmançını - Yahor Morotskini də kluba cəlb etdik. İlk yarışında maneə düşdüyü üçün cərimə xalı verildi və ikinci yeri tutub. Ancaq bu dəfə Azərbaycan Respublikası Atıcılıq Federasiyasının təşkil etdiyi “ARAF Kuboku”nun qalibi olduq. Yarışı təmiz qələbə ilə başa vurduq. Bu nailiyyətimizdə idmançının, məşqçinin və rəhbərliyin çox böyük rolu var”. 

C.Tağıyev "Buta Golden" Atçılıq İdman Klubu barədə də məlumat verib. Gənc mütəxəssis daha əvvəl "Xilə" adı altında fəaliyyət göstərdiklərini söyləyib: “Klubumuzun rəhbəri Rafael Bünyatovdur. Məlik Məmmədov və Vidadi Tağıyev isə məşqçi kimi fəaliyyət göstərirlər. Ardıcıl 10 il, demək olar ki, respublikada bütün yarışlarda qalib gəlmişik. "Kişmiş" ləqəbli Qarabağ atı ilə 40 illik rekordu yeniləmişik. Ümumiyyətlə, bizdə olan Qarabağ atları bir dəfə də olsun, uduzmayıblar. İngilis və ərəb cinsindən olan atlarımız da var. Daha çox Qarabağ cinsinə üstünlük veririk. Artıq 3 ildir "Buta Golden" Atçılıq İdman Klubu kimi fəaliyyət göstəririk. Cıdır və konkur yarışlarında iştirak edirik. Bir ilə yaxındır konkur atları əldə etmişik”. 

Məşqçi klubda yer alan “Majestic Warrior” ləqəbli ingilis atından da söz açıb. O, sözügedən atın heç bir yarışda uduzmadığını vurğulayıb: “İngilis 2, Qarabağ atı isə 3 yaşından yarışlarda iştirak edə bilər. Atlardan 8 yaşına qədər yarışlarda yararlanılır. Daha sonra isə damazlıq kimi istifadə edilir. “Majestic Warrior” ləqəbli ingilis atımız var. Artıq 2 ildir yarışlarda iştirak edir və heç birində uduzmayıb. Bu il 3 yaşlı ingilis cinsləri arasında respublika çempionatının qalibi oldu. Doğrudan da yüksək səviyyəli atdır”. 

"Buta Golden" Atçılıq İdman Klubunun gələcək planlarından söz açan C.Tağıyev deyib ki, 2018-ci ildən beynəlxalq yarışlarda təmsil olunacaqlar. Burada “Majestic Warrior”a üstünlük veriləcək: “Hazırda Qarabağ cinsini artırmaqla məşğuluq. Onlardan həm milli çövkən, həm də cıdır yarışlarında istifadə etmək istəyirik. Artıq klubumuz çövkən komandası yaratmaq barədə düşünür. Gələn il yarışlarda iştirak etmək üçün 5-ə yaxın Qarabağ, 2 ingilis cinsimiz və 3 konkur atımız var. Gələcəkdə klublarımızı daha çox atla təmsil edəcəyik. Hazırda bizdə əsas “Majestic Warrior” və “Astrello”dur. Gələn il bizdə bala olan atlar öz yarış həyatlarına başlayacaqlar. “Majestic Warrior” erkək olduğu üçün 8 yaşına qədər yarışlarda iştirak edə bilər. İki il ərzində onu kənara çıxartmadıq. Möhkəmlənib, püxtələşməsini istəyirik. Gələn ildən onu beynəlxalq cıdır turnirinlərdə sınamağı düşünürük. “Astrello” isə Azərbaycanda 1-2 yarışda çıxış etdikdən sonra onu xaricə aparacağıq. Fikirlərimiz çoxdur. Xaricdən atlar gətizdirmək, hazırladığıımız digər çaparlarla ölkəmizi təmsil etmək, böyük nailiyyətlər əldə etmək istəyirik. Morotski bizim idmançılar üçün nümunədir. O, burada yalnız yarışmır, məşqlər keçir, öz tövsiyyələrini verir”. 

“ARAF Kuboku”nun qalibi olan beynəlxalq dərəcəli idman ustası Yahor Morotski isə təcrübəsi hesabına birinci yeri tutduğunu söyləyib. Belaruslu idmançı mübarizənin çətin alındığını qeyd edib: “Yarış barədə təəssüratlarım çox gözlədir. Çətin mübarizə oldu. Buna baxmayaraq, biz qalib gəldik. Birinci yeri tutduğumuz üçün sevinirik. Yarışın əvvəlində bir az həyacanlı idim. Çünki mənə böyük ümid vardı. Lakin təcrübəm öz sözünü dedi. Özümü toparlayıb, yaxşı nəticə göstərdim”.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 5000 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi