"Abbasqulu bəy Şadlinskinin nəticəsiyəm. Tarixi şəxsiyyətin adını daşıdığımı bilirəm".
Bunu "Report"a açıqlamasında Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə qızıl medal qazanan Abbasqulu Şadlinski deyib.
67 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı ulu babası haqqında kitablar oxuduğunu və filmlərə baxdığını bildirib: "Atam və babam da onun haqqında mənə çox danışıblar".
Boksçu xatirə turniri haqqında da fikirlərini bölüşüb: "Daha əvvəl də beynəlxalq yarışlara getmişdim. Amma ilk dəfə qızıl medala sahib oluram. Qalib gəldiyim üçün çox şadam, sevincliyəm və qürurluyam".
16 yaşlı idmançı 1 il 7 ay boksla məşğul olduğunu söyləyib: "Bu yarışda qızıl medal əldə etməyi qarşıma məqsəd qoymuşdum. Ancaq bu barədə düşünürdüm. Hədəfim Avropa, dünya və Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır".