"Federasiyanın ilk prezidentinin Azərbaycandan seçilməsi gözəl məqamdır".
"Report"un məlumatına görə, bunu Beynəlxalq Çövkən Federasiyasının Bakıda keçirilən I Baş Assambleyasında qurumun prezidenti seçilən Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasında baş katib postunu tutan funksioner Binə Atçılıq Mərkəzində təşkil olunan tədbirdə müzakirə edilən digər məsələləri açıqlayıb: "Bu gün Baş Assambleyanın ikinci gününə start vermişik. Vitse-prezidentlər də seçildi. Biri Türkiyədən, biri İngiltərədən, biri isə Mərakeşdəndir. Bizim qitələr üzrə 6 regional qrupumuz var. Bunun 5-i Bakıda təmsil olunur. Burda qrup rəhbərlərini də seçdik. Bu gün yarışların təqvimini də müəyyənləşdirəcəyik. Avropa və dünya çempionatı ilə bağlı müzakirələr olacaq, tarixlər dəqiqləşdiriləcək. Həmçinin növbəti Baş Assambleyanın nə vaxt və harada keçiriləcəyi bilinəcək. Beynəlxalq çövkən qaydalarını da təsdiq edəcəyik".
Bəhruz Nəbiyev prezident seçildiyinə görə sevindiyini bildirib və bütün üzvlərə təşəkkür edib: "Beynəlxalq Çövkən Federasiyası artıq fəaliyyətə başlayıb. Bu tarixi bir andır. Azərbaycanın ən qədim milli idman növü olan çövkən bundan sonra beynəlxalq qurum tərəfindən tətbiq olunacaq. Mən də federasiyanın ilk prezidenti seçildim və buna görə çox sevinirəm. Bütün üzvlərimizə təşəkkür edirəm. Çünki yekdilliklə bu posta seçildim".