Bakı Şəhər Halqası ilə "ASAN xidmət" arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Şəhər Halqası ilə "ASAN xidmət" arasında əməkdaşlıq memorandumu imzalanıb Bütün "ASAN xidmət" mərkəzlərində Avropa Qran-Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq
Fərdi
29 Fevral , 2016 15:58
Bakı Şəhər Halqası ilə ASAN xidmət arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Bu gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. "Report"un məlumatına görə, memorandumu BŞH Əməliyyat Şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıb. 

İ.Əhmədova əməkdaşlığın 17-19 iyunda Bakıda Avropa Qran-Prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib: "Son illər ölkəmizdə könüllülər hərəkatı daha çox inkişaf edib. "ASAN xidmət"in könüllülər sahəsində böyük təcrübəsi var. Əminəm ki, birlikdə bu işin öhdəsindən gələcəyik".

E.Paşayev könüllülərin Formula 1 yarışında bu işin öhdəsindən layiqincə gələcəyinə ümid etdiyini bildirib: "ASAN xidmət"i yarandığı gündən könüllülərin fəaliyyəti cəlb edib. Hazırda 6 mindən artıq könüllü bu mərkəzdə fəaliyyət göstərir. İlk Avropa Oyunlarında mindən artıq könüllümüz iştirak edib. Ümid edirəm ki, Formula 1 yarışında da bu işin öhdəsindən layiqincə gələcəyik. Bu cür layihələrdə kiçik də olsa, payın olması könüllülər üçün qürurverici haldır".

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməkdaşlığın önəmli olduğunu vurğulayıb: "Fikrimcə bu əməkdaşlıq önəmli məqamdır. Ölkədə ən sevilən milli brendlə anlaşma müqaviləsi imzaladıq. Bu məsələ könüllülərə bağlı olduğu üçün daha da maraqlıdır. Düşünürəm ki, bizə qoşulan könüllülər daha da çox təcrübə əldə edəcək. Bizdə könüllülər bir neçə sahədə fəaliyyət göstərəcək. Media mərkəzi olacaq ki, burada mətbuatla işlər aparılacaq. Formula 1 dünyada sevilən yarışdır və öz ənənələri var. Biz də bu kriteriyalara uyğun olaraq işimizi quracağıq".

Daha sonra BŞH "ASAN xidmət" nümayəndəsinə üzərində Formula 1 nişanını əks etdirən köynəyi hədiyyə edib.

BŞH-nın könüllülər üzrə kordinatoru Tural Hümbətov isə könüllülərlə bağlı bir çox layihələrin həyata keçirildiyini qeyd edib: "Düşünürəm ki, bu gün çox mühüm gündür. Bəzi könüllülərimiz bu işlərdə birbaşa təşkilaçtı kimi iştirak ediblər. Könüllülərin müsahibə mərhələsi davam edir. Apreldə onların təlim prosesi başlayacaq. Seçilmiş könüllülər tam olaraq yarışa hazırlaşdırılacaq. Hər kəsi bizə qoşulmağa dəvət edirəm".

Memorandumun şərtlərinə əsasən, bütün "ASAN xidmət" mərkəzlərində BŞH-nin Könüllülük Proqramı və Avropa Qran-Prisi ilə əlaqədar təbliğat işləri aparılacaq. 

Qeyd edək ki, Tədbirdə BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai, agentliyin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi