Yuxarı
    Bağlamaq

    “Bakı Marafonu 2017”də iştirak üçün 6 385 nəfər qeydiyyatdan keçib

    “Düşünürük ki, iştirakçıların sayı 10 minə çatacaq”

    Bakı. 7 aprel. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib. 

    “Report”un məlumatına görə, mətbuat konfransında aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə məlumat verilib.

    “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov bildirib ki, marafonda iştirak üçün bu günədək 6 385 nəfər qeydiyyatdan keçib: “Keçən il üçün ümumi iştirakçıların sayı 7 304 olub. Aprelin 30-na qədər vaxt olduğundan və bu il qeydiyyat daha tez başladığından düşünürük ki, iştirakçıların sayı 10 minə çatacaq. Aprelin 30-da keçiriləcək marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur”.

    “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov isə qeyd edib ki, heç vaxt 21 km məsafəni qaçmamışdı: “Heydər Əliyev Mərkəzinin yoxuşu ən çətin məsafə idi. Çünki bir çox idmançılar həmin yeri çıxa bilmirdilər. Məqşlərlə bağlı mənə müraciət edən çox olur. Marafona qoşulanlar üçün həftədə iki dəfə pulsuz təlim-məşq təşkil edilir. Hər həftənin şənbə günü qapalı (“Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında), bazar günü isə açıq hava (Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında) təlimləri keçirilir. Marafon iştirakçıları məşqlərdə mənimlə birgə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrənirlər. Marafonda iştirak üçün qeydiyyatdan keçən şəxslər hər həftənin şənbə-bazar günləri keçirilən məşqlərdə iştirak edə bilərlər”.

    Qeydiyyat prosesi aprelin 20-dək davam edəcək. Marafonda 16 yaşdan yuxarı hər kəs - Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilər. “28 Mall”, “Port Baku Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində fəaliyyət göstərən qeydiyyat məntəqələri hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olur. Onlayn qeydiyyatdan keçmək istəyənlər isə “Bakı Marafonu 2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər”.

    Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı heç bir ödəniş etmirlər. Marafona fəxri iştirakçılar da dəvət olunub və onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da olacaq.

    “Bakı Marafonu 2017” yarışında qaliblərin mükafatlandırması iki kateqoriyada – kişi və qadınlar üzrə aparılacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

    Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

    7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

    Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilir. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir. “Bakı Marafonu 2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır.

    Xatırladaq ki, Bakı Marafonu ilk dəfə keçən il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi ilk marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri qoşulmuşdu. Yarışda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər dövlətlərdən iştirak edənlər olub.

    Bakı Marafonunun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir.

    Qeyd edək ki, “Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi