Yuxarı

Azərbaycan boksçusu Rio-2016-ya lisenziya qazanıb

Yana Alekseyevna yarımfinalda Keti Teyloru məğlub edib

Bakı. 15 aprel. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanıb. "Report"un məlumatına görə, bu vəsiqəyə yarımfinalda irlandiyalı Olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələn Yana Alekseyevna yiyələnib. 

60 kq çəki dərəcəsində yer alan Yana Alekseyevna bu qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün Rio-2016-da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi bolqarıstanlı Svetlana Staneva olacaq. S.Staneva yarımfinalda italiyalı İrma Testanı məğlub edib.

Qeyd edək ki, ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Rio-2016-ya lisenziya qazanıb. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 36-ya çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi