Azərbaycanın ikiqat dünya çempionu yeni klubla müqavilə bağlayıb

Azərbaycanın ikiqat dünya çempionu yeni klubla müqavilə bağlayıb Məhəmmədrəsul Məcidov "Gilan"a keçib
Fərdi
30 Yanvar , 2015 18:17
Azərbaycanın ikiqat dünya çempionu yeni klubla müqavilə bağlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Quba Olimpiya Kompleksində yanvarın 31-də Azərbaycanın "Baku Fires" və Qazaxıstanın "Astana Arlans" komandaları arasında keçiriləcək WSB (Dünya Boks Seriyası) Liqasının qrup mərhələsinin görüşü öncəsi mətbuat konfransı təşkil olunub. "Report"un məlumatına görə, qonaq komandanın baş meneceri Serik Saypiyev Azərbaycana optimal heyətlə gəldiklərini bildirib. 

O, əvvəlki səfərlərdən fərqli olaraq, bu dəfə klubda böyük dəyişikliklər edildiyini, amma komandanın əvvəlki gücündə qaldığını söyləyib. S.Saypiyev hər matçda olduğu kimi, "Baku Fires"lə qarşılaşmada da qalib gəlmək istədiklərini vurğulayıb.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev isə yenidən əsas rəqibləri ilə görüşəcəklərini deyib. Hazırda “Astana Arlans”a ötənlərin məhşur boksçusu, olimpiya və 2 qat dünya çempionunun rəhbərlik etdiyini bildirən R.Gənciyev S.Saypiyevin uzun illər bu klubda çalışmış dostu Bolat Mankenovun yolunu davam etdirdiyini söyləyib. Sabah çox maraqlı döyüşün olacağını deyən klub rəsmisi azarkeşləri görüşə dəvət edib. R.Gənciyev Xaybulla Musalovun klubdan ayrılması məsələsinə aydınlıq gətirib. X.Musalovun komandada 75 kq çəki dərəcəsində birinci nömrə olmadığını vurğulayan baş menecer həmin çəkidə Nikolay Veselovun lider sayıldığını deyib: "Biz onu saxlamaq istəyirdik. Amma görünür, Musalov üçüncü nömrə olmaq istəmədi. Bizim üçüncü nömrə Azərbaycan çempionatında qalib gəldi. Bu, klubdakı rəqabəti göstərir. 91 kq çəkidə belaruslu Çernobayevi sifariş etməyə vaxtımız olmadı. Gənc Rahil Məmmədli bizə kömək edəcək. Bu, onun liqada ilk görüşüdür. Ancaq onun mərdliyini alqışlayıram. Məmmədli Macarıstana turnirə getməli idi. Bizi çətin vəziyyətə salmadı və sağ olsun ki, köməyə gəldi”.

R.Gənciyev Avropa, 2 qat dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun “Baku Fires”dən "Gilan"a keçdiyini də açıqlayıb: “Bilmirəm Məcidov niyə klubumuzu tərk etdi. Halbuki o, “Baku Fires”in hesabına tanınmışdı. Məcidov bundan sonra “Gilan”ın şərəfini qoruyacaq. Ona uğurlar arzulayıram. Onun APB-dəki görüşünə gəlincə, şəxsi məşqçisi var, qoy o, fikir bildirsin”. 

“Baku Fires”in baş meneceri WSB Liqasında gələcəkdə qadın boksçuların da iştirak etmə məsələsinə toxunub: “Noyabrda Koreyada keçirilən konqresdə bu məsələ təklif olundu. Amma bu bir günün işi deyil. Fevralın 3-də İsveçrənin Lozanna şəhərində WSB komisiyasının növbəti toplantısı keçiriləcək. Orada sözügedən məsələ müzakirə olunacaq. Bu, Beynəlxalq Olimpiya Komitəsinin tələbidir ki, qadın boksunda idmançıların sayı artırılsın. Onlar istəyir ki, 60 kq çəki dərcəsində qadın boksçular da WSB liqasında təmsil olunsunlar. Amma bu, gələn mövsümün işidir”.

Qeyd edək ki, "Baku Fires" - "Astana Arlans" görüşü sabah saat 19:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi