Yuxarı

​Azərbaycanın qadın ağırlıqqaldıranı Avropa çempionu olub

Anastasiya İbrahimli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Litvanın Klaypeda şəhərində yeniyetmə və 23 yaşadək ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası daha bir qızıl medalını qazanıb. "Report"un məlumatına görə, Anastasiya İbrahimli 23 yaşadək qadın atletlərin mübarizəsində 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

O, birdən qaldırma hərəkətində üç yanaşmasından birini uğurla yerinə yetirib. Hafiz Süleymanovun yetirməsi 99 kq-ı ram edərək, kiçik gümüş medalı təmin edib. Təkanla qaldırma hərəkətində isə A.İbrahimli daha yaxşı çıxış edib. O, son yanaşmasında 127 kq-lıq ştanqı başı üzərinə qaldıraraq, ən yaxın izləyicisi, ukraynalı Mariya Xlyanı 2 kq üstələyib və kiçik qızıl medala sahib çıxıb. Milli komandanın üzvü ümumilikdə 226 kq (99 kq + 127 kq) nəticə ilə Avropa çempionatının yekun sıralamasında qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan millisinin 3-cü medalı olub. Anastasiya İbrahimlidən əvvəl Firudin Quliyev (69 kq) 23 yaşadək kişi ağırlıqqaldıranlar arasında qızıl, Allahyar Abışov (62 kq) isə yeniyetmələr arasında bürünc medala sahib çıxıb. Avropa çempionatında 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) mübarizə aparır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi