Olimpiadada yuxarı pillələrdə qərarlaşmaq üçün əlimdən gələni edəcəyəm.
Bunu "Report"a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan triatlonçusu Rostislav Pevtsov deyib.
37 yaşlı idmançı üçüncü dəfə 4 illiyin ən mötəbər turnirində çıxış edəcəyini xatırladıb: "Hansı yeri tutacağımızı heç kim əvvəlcədən deyə bilməz. Mümkün olan hər şeyi edəcəyik. Ümid edirəm ki, əvvəlki olimpiadalarda qazandığım təcrübə bu dəfə potensialımı reallaşdırmağa kömək edəcək. Triatlon çox gözlənilməz idman növüdür. Ona görə Parisdə hər şey ola bilər".
Rostislav Pevtsov lisenziya qazandığı üçün şad olduğunu vurğulayıb: "Hazırda Fransadakı turnirə hazırlaşıram. Hazırlığı kifayət qədər yaxşı qiymətləndirirəm. Hər şey plan üzrə gedir. Olimpiadaya qədər İspaniyada olacağıq. Təbii ki, buna görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Triatlon Federasiyasına təşəkkür edirəm. Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadəyə xüsusi minnətdarlığımı bildirirəm. O, bizə çox kömək edir".