Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya çempionatı başa çatıb.
"Report"un məlumatına görə, yarışın son günündə aktivində 1 qızıl və 1 bürünc medal olan Azərbaycan millisinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.
49 kq-da Bahadur Dostuyev debüt görüşündə Yakub Soltsiakı (Polşa) məğlub edib - 2:0. Onun 1/8 finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Dostuyev 1/4 finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) güclü olub - 2:0. Yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gələn Dostuyev rəqibi mərhələ adladığından bürünc medala yiyələnib.
Onun uğurunu 61 kq çəki dərəcəsindəki Yunis Hüseynov da təkrarlayıb. O, ardıcıl olaraq Joey Yusif (Livan), Gitiş (Hindistan) və Enes Duşkini (Monteneqro) mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.
Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.
Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Budaqlı yeniyetmələrin mübarizəsində ölkəyə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb. İndiyədək komanda heç bir dünya çempionatında 4 mükafata sahib olmayıb. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınıb. Həmin mundialı yığma 2 gümüş və 1 bürünc medalla bitirib.
Qeyd edək ki, milli komanda avqustun 2-də Vətənə qayıdacaq.