Qazaxıstanın Almatı şəhərində şahmatçılar arasında rapid üzrə dünya çempionatı başa çatıb.
“Report”un məlumatına görə, kişilərin yarışında X, XI, XII və XIII turun görüşləri, qadınların mübarizəsində IX, X və XI turun qarşılaşmaları oynanılıb.
Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil ediblər.
Kişilərin yarışında günün ən yaxşı göstəricisinə Durarbəyli, Muradlı və Əsədli imza atıblar. Hər üç qrossmeyster 3 qələbə, 1 heç-heçə ilə xal ehtiyatını artırıb. Süleymanlı, Qədimbəyli və Məmmədov 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Məmmədyarov isə 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə diqqət çəkiblər. Məmmədyarov və Əsədli bir qələbəni Ermənistan təmsilçisi üzərində qazanıb.
Azərbaycan şahmatçılarından turnir cədvəlində ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb. O, 8,5 xalla 9-cu yeri tutub. Yarışı 8 xalla tamamlayan Məmmədyarov 29-cu, Əsədli 34-cü, 7,5 xala malik Süleymanlı 48-ci, Durarbəyli 51-ci, 7 xal toplayan Muradlı 81-ci, Qədimbəyli isə 85-ci yerdə bitirib. Norveçli Maqnus Karlsen 10 xalla birinci yerə layiq görülüb.
Qadınların mübarizəsində Məmmədzadə və Hacıyeva 2 qələbə, 1 məğlubiyyət, Beydullayeva 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Məmmədova 1 qələbə, 2 heç-heçə, Fətəliyeva ilə Balacayeva isə 1 qələbə, 2 məğlubiyyətlə yadda qalıb.
Qadınlardan aktivində 7 xal olan Məmmədova 16-cı, 6 xala malik Məmmədzadə, Balacayeva və Hacıyeva müvafiq olaraq 33, 34 və 37-ci, Fətəliyeva 5,5 xalla 45-ci, eyni xala malik Beydullayeva isə 51-ci yeri tutub. Çinli Tan Çjunyi 8,5 xalla yarışın qalibi olub.
Qeyd edək ki, dekabrın 29-da blits üzrə dünya çempionatına start veriləcək. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.