Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Abbas Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Etropolski" turnirində qızıl medal qazanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, 14 yaşadək idmançıların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Hüseynov finala gedən yolda ispaniyalı Qabriel Suarezi (15:3), yunan Kristos Karamitsosu (15:12) və bolqar Konstantin İvanovu (15:10) məğlub edib.
O, ən güclü 4-lüyə yüksəlmək üçün yunanıstanlı Vangelis Koutlasa 15:4 hesabı ilə qalib gəlib. İdmançı yarımfinalda bolqar Nikola Meitsovdan (15:14) güclü olub.
Qılıncoynadan həlledici qarşılaşmada Rumıniya təmsilçisi Matei Raduya 15:7 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.