“Komandanın ümumi çıxışını 4 balla qiymətləndirirəm”.
Bunu “Report”a açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatındakı çıxışa münasibət bildirərkən deyib.
40 yaşlı mütəxəssis 1 gümüş, 6 bürünc medal qazanan komandanın daha yaxşı nəticə əldə etmək iqtidarında olduğunu bildirib: “Hər çəki dərəcəsində medal qazana bilərdik. Bunun üçün böyük şans da var idi. Təəssüf ki, alınmadı. Bütün güləşçilərimiz fəxri kürsüdə yer alsaydılar, əla nəticə olardı. Gənc güləşçilərimizin ilk “üçlük”də qərarlaşmaları sevindirici haldır. Onlar digər gənclər üçün nümunədirlər. Yalnız qızıl medalın olmamasına görə təəssüflənirəm. Maqomedxan Maqomedova ümid edirdik. Amma finalda uduzaraq gümüş medalla kifayətləndi. İnşallah, növbəti dəfə daha da yaxşı nəticələr qazanarıq”.
O, rusiyalı idmançıların qitə birinciliyinə qatılmalarının digər komandaların işlərini çətinləşdirdiyini düşünür: “Yarış çox çətin keçdi. Olimpiada öncəsi olduğundan, güclü güləşçilər qatılmışdılar. Rusiyalı güləşçilərin çoxu hazırda başqa ölkələrin adından çıxış edirlər. Bu isə rəqabətin daha da artması deməkdir. Amma qurddan qorxan meşəyə getməz. İstənilən rəqibə qarşı maksimum güclə hazırlaşacağıq. Planlaşdırdığımız lisenziyaları qazanmağa çalışacağıq”.
Xetaq Qazyumov qarşıdakı planlar barədə də danışıb: “İki təlim-məşq toplanışı nəzərdə tutulub. Eyni zamanda, Yaşar Doğunun xatirə turnirində iştirak edəcəyik. Bu yarışda gəncləri sınaqdan keçirəcəyik. Əsas heyət isə Bakıda reallaşacaq lisensiya xarakterli turnirə hazırlaşacaq”.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 122 xalla komanda hesabında 3-cü yeri tutub.