Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

    Olimpiya və dünya çempionları Çexiyaya yollanacaq

    Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın kayak və kanoe üzrə milli komandasının mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, üç gün davam edəcək yarışda 6 idmançı çıxış edəcək.

    Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) yalnız 200 metr məsafəyə yürüşlərə qatılacaq. Əvəzində Anatoli Melnik elə 1 nəfərlik qayıqla (C-1) 500 metr və 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Kupinlə Avropa çempionu Sergey Bezqlıydan ibarət duet isə 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə yer alacaq.

    Kayakçılara gəldikdə, əsas diqqətlər olimpiya çempionu İnna Osipenko-Radomskayanın Azərbaycan yığmasının heyətində ilk böyük yarışdakı çıxışlarına yönələcək. 33 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr, 500 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. İstedadlı kayakçı Mirnazim Cavadov isə kişilərin yarışında 1 nəfərlik qayıqla (K-1) 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüş edəcək.

    Kayak və kanoeçilər baş məşqçi Aleksandr Kolıbelnikov, eləcə də Anatoli Dudnik və Dmitri Radomskinin rəhbərliyi altında mübarizə aparacaqlar. Yığmanın tərkibi 3 - 5 apreldə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatasının yekunlarına əsasən müəyyənləşdirilib. Həmin reqatanın ardından milli komanda elə Mingəçevirdə təlim-məşq toplanışı keçib. Aprelin 28-də səfərə çıxacaq nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov rəhbərlik edəcək.

    Qeyd edək ki, Çexiyadakı qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları öncəsi ilk ciddi sınaq olacaq. Oyunlar zamanı kayak və kanoe yarışları 14 - 16 iyunda keçiriləcək.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi